Axtarış...

DNS Xidməti


.GOV.AZ (Government.az) Dövlət orqanlarının internet informasiya resurslarının adlandırılması üçün ayrılmış xüsusi domen zonasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli qərarına əsasən GOV.AZ domeninin inzibatlaşdırılmasını, *.GOV.AZ subdomenlərinin qeydiyyatını, habelə GOV.AZ domeninin DNS-nin fəaliyyətini XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi həyata keçirir.

GOV.az zonasında Domen qeydiyyatı

dns-1.jpg

Dövlət orqanı nəzərdə tutulmuş internet informasiya ehtiyatına *gov.az zonasında domen adı inzibatlaşdırmaq üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə (AZ1066, Bakı ş., Lermontov küçəsi, 68) üçüncü səviyyəli *.GOV.AZ domeninin qeydiyyata alınması və istifadəyə verilməsi barədə yazılı müraciət edir. Bununla bərabər dövlət orqanı göstərilən keçiddəki ünvandan domen adı üçün qeydiyyat formasını doldurub elektron formada icraçı quruma göndərməlidir. https://www.gov.az/domqeydiyyat.php

Domenin inzibatlaşdırılması yalnız yuxarıda adı çəkilən hər iki müraciətin təqdim olunduğu halda həyata keçirilir.

Abunəçi orqan öz abunəçilərinin qeydiyyat məlumatlarına dair dəyişiklikləri barədə (orqanın adının, strukturunun dəyişdirilməsi, iş yerinin ünvanının dəyişməsi, məsul şəxslərin dəyişməsi, AZSTANET şəbəkəsindən ayrılma və s.) XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə vaxtında məlumat verməlidir.

Domenin inzibatlaşdırılma müddəti
Hər iki müraciət icraçı quruma daxil olduqdan sonra 5 iş günü ərzində domenin qeydiyyatı ilə bağlı qərar qəbul edilir və müraciət edən orqanın (təşkilatın) cavabdeh müəyyən etdiyi əməkdaşına qəbul edilmiş qərar barədə məlumat verilir.

Eyni adlı domen üçün iki və daha çox müraciət
Eyni adlı domenin qeydiyyata alınması barədə eyni iş günündə iki və ya daha çox ərizə daxil olduqda, həmin domen adı ilk müraciəti edən quruma verilir. Eyni domen üçün müraciət edən digər orqanlara 5 iş günü ərzində yeni domen adının seçilməsinin zəruriliyi barədə bildiriş göndərilir.

Domen adının ləğvi
*.GOV.AZ subdomeni qeydiyyata alındıqdan sonra 30 gün ərzində müraciət edən orqan tərəfindən DNS-serverlərdə quraşdırılma təmin edilməzsə, qeydiyyata alınmış domen ləğv olunur. Bundan sonra müraciət edən orqan ümumi əsaslarla domenin qeydiyyata alınması barədə təkrar müraciət edə bilər.

Dövlət qurumu rəsmi müraciətlə ona ayrılmış domen adından imtina edərsə domen adı ləğv edilə bilər.

Domenlərin qeydiyyata alınması qaydaları dövlət qurumu (abunəçi) tərəfindən mütəmadi olaraq pozularsa, Koordinasiya Şurasının hər bir üzvü və ya GOV.AZ domeninin inzibatçısı, həmin subdomenin sahib orqan tərəfindən idarə edilməsinin ləğv olunması barədə məsələ qaldıra bilər.

Domen adının müəyyənləşdirilməsi
Domen adının müəyyənləşdirilməsi zamanı müraciət edən dövlət hakimiyyəti orqanının adının əsas götürülməsi tövsiyə olunur. Domen adı kimi təşkilatın qısaldılmış adını və ya fəaliyyətini əks etdirən söz seçilməlidir. Domen adı qısa, yadda qalan və beynəlxalq təcrübəyə uyğun olmalıdır. Domen adları kimi Azərbaycan və ingilis dillərində olan adlar seçilə bilər.

Domen adının qeydiyyata alınması zamanı müraciət edən orqan tərəfindən ticarət markalarının, mülkiyyət hüquqlarının və ya başqa təşkilatların adlarının istifadə edilməsi ilə əlaqədar yarana biləcək mübahisələrə görə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti məsuliyyət daşımır.

Domen adının seçilməsində aşağıdakı tələblər yerinə yetirilməlidir:

- Domen adı minimum 3 hərfdən ibarət olmalıdır;

- İnternet informasiya ehtiyatının ünvanı çox uzun olmamalıdır;

- İnternet informasiya ehtiyatının ünvanında hərf və rəqəm kombinasiyalarından istifadə edilməməlidir;

- Dövlət orqanlarının tabeli qurumlarının internet informasiya ehtiyatları dövlət orqanının internet informasiya ehtiyatının aşağı səviyyəli domenindən istifadə etməlidir.

AZSNET şəbəkəsində olan qadağalar
- AZSNET şəbəkəsi vasitəsilə ondan istifadə edərək, özünə aid olmayan kommersiya fəaliyyətinin həyata keçirilməsi;

- Şəxsi mənafe və məqsədlər, istənilən növ kommersiya reklamı;

- Azərbaycan Respublikasının təhlükəsizliyinə, milli maraqlarına ziyan vura bilən fəaliyyət növləri ilə məşğul olmaq;

- Azərbaycan Respublikasının qanunları ilə qadağan edilmiş fəaliyyət növləri ilə məşğul olmaq;

- Dövlət sirri təşkil edən və tərkibində yayılması məhdudlaşdırılmış xidməti informasiya işlənən, habelə məhdudlaşdırılmış daxilolma növlü informasiya yerləşən informasiya sistemlərini, rabitə şəbəkələrini və fərdi kompüterləri internet şəbəkəsinə qoşmaq.

"Whois" axtarış – domen axtarış xidməti
Whois – İngilis sözündən “Kimdir” kimi tərcümə olunur. Whois, açıq sistemlərin qarşılıqlı əlaqəsi olan şəbəkə protokoludur. Xidmətin əsas məqsədi istifadəçilərə domen adlarının istifadə edilib-edilmədiyini yoxlamaq və domen inzibatçısı haqqında qeydiyyat məlumatlarının əldə etmək imkanını verməkdir. *GOV.az zonası üçün domenlərin axtarışı https://www.gov.az veb saytı vasitəsi ilə aparılır. Saytın “Domen haqqında məlumat” bölməsində Azərbaycan Respublikasının Dövlət Qurumlarının veb seqmentinin qeydiyyat məlumatlarını, o cümlədən seçilən domenlərin artıq istifadədə olub-olmamasını yoxlamaq olar.

dns-2.jpg

Yeni qeydiyyata alınmış domenlərin siyahısı haqda https://www.gov.az veb resursunun sağ tərəfində "footer"-də yerləşən “Qeydiyyatdan keçən son 10 domen” bölməsində məlumat verilir.


Dövlət qurumlarının sinifləndirilməsi və informasiya resursları barədə geniş məlumat https://www.gov.az veb resursunun ilk səhifəsinin mərkəz hissəsində verilir.

Subdomen qeydiyyatı barədə
Qurum ona ayrılmış ana domenə uyğun istənilən sayda subdomen (alt domen) qeydiyyatdan keçirə bilər. Subdomenin qeydiyyatı üçün “Cavabdeh Şəxs” elektron sorğu (https://ticket.cert.gov.az) vasitəsi ilə yaradılacaq subdomen barədə müraciət etməli və müraciəti əsaslandırmalıdır.

DNS qeydlər barədə izahlı məlumat
- A qeyd – Domen adınının serverin İP ünvanına bağlanması üçün istifadə edilir;

- MX qeyd - Mail Xidməti üçün isitifadə olunan qeydiyyat tipidir. Domenin mail xidmətini mail serverin İP ünvanına bağlamaq üçün istifadə edilir;

- PTR qeyd - Hostun İP ünvanını qanuna uyğun adla birləşdirir. Əgər MX qeyddə göstərilmiş İP əgər PTR qeydə malik deyilsə, digər mail xidmətlərinə göndərilən məktubların qəbulu mümkün olmayacaq. PTR qeyd İP ünvanları,TTL – i və hostun adını özündə saxlayır;

- SOA qeyd - Bu qeydin tərkibində domenin tam adı , DNS serverin adı, zona inzibatçılarının adları qeyd olunur;

- SRV qeyd - Domenə məxsus xidmətlərin hansı port və protokolla alındığını təyin edir. SRV yazı tipi yalnız Active Directory xidməti mövcud olduqda istifadə edilir;

- CNAME qeyd - Bu qeydiyyat tipi bir İP ünvana birdən çox host adının əlavə edilməsi üçün istifadə olunur.

Dns qeydlərin qüvvəyə minmə zamanları barədə (TTL)
TTL – DNS serverlər üçün müəyyən edilmiş keş yaddaşın yenilənmə vaxtını təyin edir.

Yuxarıdakı qeydlər üçün müəyən edilmiş nümunə standart TTL zamanları aşağıda göstərilmişdir:

SOA - 86400 saniyə
NS - 86400 saniyə
A - 3600 saniyə
MX - 3600 saniyə
CNAME – 3600 saniyə