İlk olaraq 1994-cü il 01 oktyabr tarixində Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmış, 16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə isə Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılmışdır.
Dövlət Xidməti hansı vəzifələri həyata keçirir?
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılmışdır. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, İnternet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Xidmətinin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində Xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir.
Dövlət Xidmətinin fəaliyyəti hansı normativ hüquqi aktlarla tənzimlənir?
Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, bir sözlə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyətini tənzimləyən bütün normativ hüquqi aktlar, təlimatlar, əsasnamə, göstəriş və tövsiyələr Dövlət Xidmətinin xidməti fəaliyyətində rəhbər tutulur və tədbirlər onların tələblərinə uyğun həyata keçirilir. Bu normativ hüquqi aktlara “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, “Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət bölgüsü haqqında”, “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi haqqında”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əsasnaməsi və s. daxildir.