Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 654 saylı Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələbləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
2.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Azərbaycan Respublikası Milli Məclisinin Aparatına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Prokurorluğuna, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və apellyasiya məhkəmələrinə tövsiyə edilsin ki, həmin orqanların internet informasiya ehtiyatlarını və elektron poçt ünvanlarını Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirsinlər.
3.Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti:
3.1.Xidmətin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilən internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
3.2.görülən işlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2012-ci il.