Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını rəhbər tutaraq dövlət orqanlarını Xüsusi Rabitə ilə fasiləsiz və təhlükəsiz olaraq təmin edir.
Xüsusi rabitə ilə təmin olunan vəzifəli şəxslərin siyahısı Azərbaycan Respublikasının Prezidentinin 11 aprel 2019-cu il tarixli 622 saylı fərmanı ilə təsdiq olunmuşdur.
Xüsusi rabitə ilə təmin olunmuş vəzifəli şəxslər Xüsusi rabitə növlərindən istifadə qaydalarına riayət etməlidirlər. Bu qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2020-ci il tarixli 19 saylı qərarı ilə təsdiq olunmuşdur.
Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (Əlavə 1).
2. “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (Əlavə 2).
3. “Mobil xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (Əlavə 3).
4. “Dövlətlərarası hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (Əlavə 4).[*]
5. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti bu Fərmanda nəzərdə tutulmuş xüsusi rabitə növlərinin fəaliyyətini təmin etsin.
6. Müəyyən edilsin ki, bu Fərmanla təsdiq olunmuş 1—4-cü əlavələrdə nəzərdə tutulmayan şəxslər beynəlxalq və yerli əhəmiyyətli, kütləvi ictimai, idman, elm, təhsil, mədəniyyət və incəsənət tədbirlərinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin tapşırığına əsasən, tədbirin davam etdiyi müddətə müvəqqəti olaraq xüsusi rabitə ilə təmin edilə bilərlər.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. bu Fərmanla təsdiq olunmuş 1—4-cü əlavələrdə nəzərdə tutulmayan şəxsin xüsusi rabitə ilə təmin edilməsi zərurəti əsaslandırıldığı halda müvafiq normativ hüquqi aktın layihəsini “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.3. xüsusi rabitə növlərindən istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;
7.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
9. “Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 72, № 12, maddə 1249; 2017, № 3, maddə 380, № 11, maddə 2001; 2018, № 5, maddələr 911, 961, № 6, maddə 1207) ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2019-cu il
№622