General-leytenant İlqar Əli oğlu Musayev
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi.
General-leytenant İlqar Əli oğlu Musayev 1975-ci il 15 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1994-cü ildə başlamışdır.
1994-cü ildən 2015-ci ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq qurumunda xüsusi dövlət rabitəsi sahəsi üzrə məsul vəzifələrdə xidmət etmişdir.
2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq xidmətini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifələrdə davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2017-ci il tarixli Sərəncamı ilə İlqar Musayevə general-mayor ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İlqar Musayevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuşdur.
MÜKAFATLAR
Xidmət etdiyi müddətdə çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:
- Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli 3001 nömrəli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı;
- Azərbaycan Respublikası Prezidentinin 27 mart 2019-cu il tarixli 1062 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni;
- Azərbaycan Respublikası Prezidentinin 17 mart 2022-ci il tarixli 318 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.