Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzində tələbələrlə görüş keçirilmişdir

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədr müavini Ceyhun Salmanov, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Amerikanın “Georgia State University”nin birgə təsis etdiyi Biznesin İdarə edilməsi üzrə Magistratura (MBA) proqramı çərçivəsində “Elektron İdarəetmə” (E-Governance) ixtisasında təhsil alan tələbələr Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzini ziyarət etmişlər.

CERT Mərkəzində tələbələrə sürətlə rəqəmsallaşan elektron idarəçilikdə kibertəhlükəsizliyin rolu və əhəmiyyəti, ölkəmizi hədəf alan kiberhücumlar və onlarla mübarizə üsulları, zərərvericilərin tədqiqi, kibertəhlükələr və şübhəli elektron göndərişlər barədə məlumatların bölüşdürülməsi mexanizmləri, kiberinsidentlərlə bağlı statistik göstəricilər, yeni nəsil texnologiyaların tətbiqinin gətirdiyi imkan və risklər barədə məlumat verilmişdir. Həmçinin tələbələrə dövlət informasiya ehtiyatlarının etibarlı mühafizəsinin təşkili üçün ixtisaslı kadr potensialına olan tələbat və sahə üzrə mütəxəssislərin yetişdirilməsində universitetlərin rolu və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd olunmuşdur. Bununla yanaşı tələbələrə hazırda həyata keçirilən kibergigiyena layihəsi haqqında məlumat verilmiş, kiberhücumların qurbanına çevrilməmək üçün fərdi kibergigiyenanın əhəmiyyəti izah edilmişdir.

Tədbirin sonunda tələbələrə informasiya təhlükəsizliyi vərdişlərinin gücləndirilməsi və maarifləndirmə məqsədi ilə xüsusi hazırlanmış stolüstü "2023 İnformasiya Təhlükəsizliyi Təqvimi" və “İnformasiya Təhlükəsizliyi” jurnalı hədiyyə edilmişdir.