Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kibertəhlükəsizlik istiqamətində milli həllərə mentorluq dəstəyi göstərir

Belə həllərdən biri də yaxın günlərdə fəaliyyətinə start verilmiş “Qarabug” - informasiya təhlükəsizliyi boşluqlarının aşkarlanması platformasıdır. “www.qarabug.az” platforması kibertəhlükəsizlik sahəsinə yeni baxış gətirməklə yanaşı, sistemlərdəki zəifliklərin etik şəkildə açıqlanması mədəniyyətinin formalaşdırılması və ölkəmizdə güclü “bug bounty” ekosisteminin inkişaf etdirilməsi baxımından faydalı olacaqdır.

Klassik informasiya təhlükəsizliyi auditlərinə yeni alternativ olaraq yaradılan “Qarabug” startapına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi auditləri üzrə testlərə əhatəli yanaşma, audit olunacaq sistemlərdə fasiləsizliyin təmini və aşkar edilmiş boşluqların qorunması siyasətinin formalaşdırılması istiqamətində mentorluq dəstəyi göstərilmişdir.

Hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti aşağıda sadalanan digər milli kibertəhlükəsizlik istiqamətlərinin də inkişaf etdirilməsinə öz dəstəyini göstərməkdədir:

 

- İnfrastrukturda informasiya təhlükəsizliyinə xidmət edən mühafizə sistemlərinin effektivliyinin testləri üçün nəzərdə tutulmuş “Tusi Couple” - zərərverici simulyasiyası aləti;

 

- Kiçik və orta ölçülü müəssisələrdə zərərverici aktivliyinin tədqiqi üçün “EDR, XDR” həllərində tətbiq edilən “Threat Hunting” modelinə alternativ zərərverici indikatorlarını (İOC) və izlərini mərkəzləşdirilmiş formada istifadəçi kompüterlərindən axtarmağa və analiz etməyə imkan verən “10C Hunter” aləti;

 

- Kiberinsident araşdırmaları üçün ekpertiza məlumatlarının toplanması prosesini sadələşdirmək, tədqiqatın effektivliyini və sürətini artırılmaq üçün hazırlanan “Tusi Paleon” aləti (https://mrl.cert.gov.az/).