Axtarış...

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri Almatı şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir

Cari ilin 13-15 sentyabr tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində 3000-dən artıq iştirakçının, o cümlədən yerli və xarici mütəxəssislər, hökumət rəsmiləri, biznes nümayəndələri və tələbələrin iştirakı ilə informasiya təhlükəsizliyinin aktual problemlərinə həsr olunmuş “KazHackStan – Turan 2023” adlı beynəlxalq konfrans keçirilmişdir. İnformasiya texnologiyaları sahəsində müzakirələr, ən son tendensiyalar və tədqiqatların təhlili, həmçinin innovativ həllər və məhsulların nümayişi üçün əlverişli platformanın yaradıldığı konfransda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları, o cümlədən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri iştirak etmişdir.

Qeyd edək ki, Mərkəzi Asiyanın ən iri kibertəhlükəsizlik xidməti provayderlərindən olan “TSARKA”-nın (Kiberhücumların Təhlili və Araşdırılması Mərkəzi) təşkilatçılığı ilə beşinci dəfə keçirilən tədbir informasiya təhlükəsizliyi sahəsində Mərkəzi Asiyanın ən böyük konfransı hesab edilir.