Axtarış...

“Dövlət qurumları İT rəhbərlərinin II Zirvə Toplantısı” keçirilmişdir

Cari ilin 23 sentyabr tarixində “Fairmont” otelində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə “Dövlət Qurumlarının İT rəhbərlərinin II Zirvə Toplantısı” baş tutmuşdur. Tədbir ”2023-cü il - Heydər Əliyev ili” ilə bağlı Xidmətin tədbirlər planına uyğun olaraq hazırlanmış və Bakıda keçirilən “Kibertəhlükəsizlik Günləri” çərçivəsində keçirilmişdir.

Toplantını giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general – mayor Azər Əhədov tədbir iştirakçılarını salamlayaraq, 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuları yad etmişdir.

Daha sonra, A. Əhədov çıxışında dövlət qurumlarında internetin təhlükəsiz istifadə olunması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, eləcə də əməkdaşların sahə üzrə məlumat və bilgilərinin artırılması məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası tərəfindən “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat” layihəsi hazırlanaraq öz fəaliyyət istiqamətinə uyğun tətbiq olunması üçün dövlət qurumlarına göndərilməsi, dövlət qurumları üçün metodiki yardım və təlimlərin keçirilməsi və digər aktual məsələlərdən danışmışdır.

Tədbirin açılış mərasimində Azərbayncan Respublikası Prezidentinin Administrasiyanın əməkdaşı Elmir Vəlizadə və “Prosol” şirkətinin idarə heyətinin sədri Babək Ağayev də çıxış etmişlər.

Daha sonra, XRİTDX-nin idarə rəisi Tural Məmmədov “Görülən işlər, yeniliklər və gələcək planlar” mövzusunda təqdimatla çıxış etmişdir.

Tədbir çərçivəsində “Rəqəmsal iqtisadiyyat üçün rəqəmsal etibarın təmin olunması”, “Təbəqələndirilmiş Təhlükəsizlik Memarlığı” və “SOC üzrə təşkilati struktur və kompetensiyaları idarəetmə” mövzusunda təqdimatlar baş tutmuşdur.

“Dövlət qurumları İT rəhbərlərinin II Zirvə Toplantısı” yeni təhdidlər, onların həll yolları və dövlət qurumlarının üzləşdikləri problemlərin müzakirəsi ilə başa çatmışdır.