Axtarış...

Ermənistan Respublikası erməni sakinlərinin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına maneə olur

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalı istifadəyə verilmişdir. Portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinlərinləri ilə yanaşı Ermənistan Respublikası ərazisinə gedən erməni sakinlərinin də istifadəsinə şərait yaradılmışdır.

Ermənistan Respublikasının bir sıra provayderləri Azərbaycan Respublikasının dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan müşahidələr nəticəsində bəlli olmuşdur ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistan Respublikasının provayderləri tərəfindən bağlanmışdır.

Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılmış və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunmuşdur.

Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur.

Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir.