Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində rəsmi tərəfdaş kimi iştirak etmişdir

Cari ilin 3-4 oktyabr tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammiti keçirilmişdir. Sammitdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəsmi tərəfdaş kimi çıxış etmişdir.

Tədbirin açılış mərasimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi general-mayor Azər Əhədov açılış nitqi ilə çıxış etmiş, Xidmətin informasiya təhlükəsizliyi sahəsində gördüyü işlərdən və əldə etdiyi təcrübələrindən danışmışdır. Çıxışında A. Əhədov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Özbəkistan və bir sıra digər ölkələrin müvafiq qurumları arasında kibertəhdidlərlə mübarizə, kibertəhlükəsizlik insidentləri barədə məlumat və təcrübə mübadiləsinin təşkili, kibertəhlükəsizlik sahəsində siyasət və inkişaf strategiyası sahəsində əməkdaşlıq istiqamətləri haqqında danışmışdır. Eləcə də, Özbəkistan Respublikası ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına diqqəti çəkərək, belə memorandumların beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməsindən və bu istiqamətdə işlərin davam etdirilməsindən danışmışdır.

Çıxış zamanı A. Əhədov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə cari ilin 26-27 oktyabr tarixlərində kritik infrastrukturlar üçün Azərbaycanda ilk dəfə kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək “kibermüharibə” yarışı, informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələri, kibertəhlükəsizlik həlləri sərgisi, viktorinalar, “Hack The Future” kibertəhlükəsizlik təlimlərini özündə birləşdirən “Critical Infrastructure Defence Challenge 2023” adlı tədbirində iştirak etməyə dəvət etmişdir.

Sammitin ikinci günündə XRİTDX-nin idarə rəisi  Tural Məmmədov “Kibertəhlükəsizlik Strategiyalarının effektiv qurulması üzrə ən yaxşı təcrübələr” panel müzakirəsində çıxış etmişdir.