Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Cəbi Bəhramov ilə görüş keçirilmişdir

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində görüş keçirilmişdir. Görüşdə Azərbaycanın tarixi, mədəniyyəti, dünya çapında yeri, rolu, o cümlədən regionda nüfüzunun artması, bu istiqamətlərdə ölkə rəhbərinin yürütdüyü uğurlu dövlət siyasəti barədə geniş məlumat verilmişdir. Eyni zamanda müasir Azərbaycanın formalaşması, dirçəlməsi, beynəlxalq arenada güclü dövlətlər sırasında yer alması ilə bağlı Ulu öndər Heydər Əliyevin rolundan danışılaraq bir çox tarixi faktlara və arxiv sənədlərinə istinad edilmişdir. Bununla yanaşı görüşdə bugünkü güclü və qalib Azərbaycanın qurucusu, Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin siyasi kursundan və Azərbaycan xalqının rifahının artırılması məqsədilə həyata keçirilən fəaliyyətdən danışılmışdır. Çıxış zamanı Prezidentin apardığı çoxşaxəli siyasət nəticəsində son illərdə ölkəmizə qarşı müşahidə olunan birtərəfli siyasi münasibətlərin yeni mərhələyə keçməsi, milli məsələlərdə siyasi həmrəyliyin nümayiş etdirilməsi barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, 30 ildən artıq bir dövrdə ilk dəfədir ki, vətəndaşlarımız öz siyasi iradələrini ərazi bütövlüyü, suverenliyi tam bərpa olunmuş bir ölkədə növbədənkənar seçkilərdə ifadə etmək hüququ qazanırlar. Belə bir tarixi məqamda keçiriləcək növbədənkənar prezident seçkilərinin xüsusi siyasi əhəmiyyət və mahiyyət daşıdığı vurğulanmışdır.

Daha sonra C. Bəhramov şəxsi heyətin suallarını cavablandırmışdır.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin operativ idarə olunmasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rolu, struktur bölmələrinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, şəxsi heyətin seçkilərə hazırlıq vəziyyəti və digər aidiyyəti məsələlər barədə çıxışlar olmuşdur.