Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2023-cü ilin yekunlarına həsr olunmuş müşavirə keçirildi
İclası giriş sözü ilə açan Xidmət rəisi general-leytenant İlqar Musayev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” olması ilə əlaqədar il ərzində Xidmət tərəfindən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirlərin yüksək səviyyədə həyata keçirildiyi haqqında məlumat vermişdir.
Çıxış zamanı Xidmət rəisi 2023-ci ildə dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərdən, Ali Baş Komandan İlham Əliyevin apardığı uzaqgörən və çoxsahəli siyasəti nəticəsində son illərdə ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi haqqında məlumat vermişdir. İ.Musayev cari ilin 7 fevral tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinin operativ idarə olunmasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rolu, struktur bölmələrinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, şəxsi heyətin seçkilərə hazırlıq vəziyyəti və digər aidiyyəti məsələlər barədə ətraflı danışmışdır.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsinin inkişafına xüsusi diqqət və qayğısı qeyd olunmuş və bunların nəticəsi olaraq hesabat ili ərzində aidiyyəti sahə üzrə bir sıra önəmli sərəncam və fərmanların verildiyi, müvafiq qərarların qəbul edildiyi bildirilmişdir.
Müşavirədə Xidmətin struktur bölmə rəhbərləri fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat məruzələri ilə çıxış etmişlər. Məruzələrdə hesabat dövründə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının dövlət orqanlarının xüsusi dövlət rabitəsi, hökumət rabitəsi, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemləri və şəbəkələri ilə təmin edilməsi, dövlət qurumlarının informasiya resurslarının informasiya təhlükəsizliyinin təmin edilməsi barədə ətraflı məlumat verilmişdir. Bununla yanaşı Xidmət tərəfindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının “Azstatenet” şəbəkəsinə qoşulması və dayanıqlı rabitə vasitələri ilə təmin edilməsi barədə məruzələr edilmişdir.
Sonda mövcud nöqsanlar və onların həlli yolları, cari il ərzində həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələr haqqında ətraflı müzakirələr aparılmışdır.