Axtarış...

“Dövlət qurumları İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilmişdir

Tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi aparmaq və qurumlararası kommunikasiyanı gücləndirilmək məqsədilə mütəmadi şəkildə XRİTDX tərəfindən təşkil edilir.

Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak etmişdir.

“Zirvə Toplantısı”nı giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general – mayor Allahverən İsmayılov iştirakçıları salamlayaraq bildirmişdir ki, Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin 1997-ci ilin 2 fevral tarixində imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bununla əlaqədar o, “Zirvə Toplantısı”nda iştirak edən gəncləri təbrik etmişdir. A.İsmayılov çıxışında bu “Zirvə Toplantısı”nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturlarının təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin 07 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkiləri dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunmasınu vurğulamışdır.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administirasiyasının əməkdaşı Elmir Vəlizadə də çıxış etmişdir.

Daha sonra “Dövlət qurumlarının informasiya təhlükəsizliyi vəziyyəti, yeniliklər və planlar” mövzunda təqdimatla XRİTDX-nin idarə rəisi Tural Məmmədov, “Kritik informasiya infrastrukturlarında kibertəhdidlərə qarşı mübarizə fəaliyyətinin təşkili” mövzusunda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov, “Yeni nəsil Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi necə qurulmalıdır?” adlı təqdimatla “CyberPoint” şirkətinin direktorunun informasiya təhlükəsizliyi üzrə müavini Aydın Qurbanlı və “Son istifadəçilərin effektiv idarəedilməsi modeli” mövzusu ilə müstəqil ekspert qismində Sergey Matrosov çıxış etmişlər.

Tədbir seçki dövründə informasiya təhlükəsizliyi, yeni tendensiyalar, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlərin müzakirəsi ilə başa çatmışdır.