Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) şəxsi heyəti Hərbi Prokurorluğun Memorial Soyqırım Muzeyini ziyarət ediblər.
XRİTDX-nin əməkdaşları burada təqdim olunmuş xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu, Xocalı, Qaradağlı faciələri barədə sənədlər, erməni vəhşiliyini qurbanları, yerli əhalinin şəxsi əşyaları, sənədləri və fotoları ilə tanış olublar.
Daha sonra “Əsrin faciəsi” adlı sənədli film nümayiş etdirilmişdir.
Eləcə də Xidmətin inzibati binasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.