Axtarış...

Çin ilə münasibətlər yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində mart ayının 29-da Şençjen şəhərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev ilə Çinin “Huawei” şirkətinin vitse-prezidenti David Şi arasında görüş keçirilmişdir.
Görüş zamanı şirkətin mütəxəssisləri tərəfindən informasiya təhlükəsizliyi, şəbəkə texnologiyaları, süni intellekt, bulud həlləri, ağıllı şəhər idarəetməsi sistemi kimi məsələlər haqqında məlumat verilmiş, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Xidmət rəisi iki qurum arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamış, dəvət üçün “Huawei” şirkətinin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Həmçinin nümayəndə heyəti “Huawei” şirkətinin Donqquan şəhərində qurulmuş Məlumat Mərkəzlərini ziyarət etmiş, “Huawei” şirkətinin məlumat mərkəzlərinin qurulması ilə bağlı təcrübəsini öyrənmiş, eləcə də Kibertəhlükəsizlik üzrə Şəffaflıq Mərkəzində “Huawei” şirkətinin informasiya təhlükəsizliyi prosesleri və təqdim edilən həllərin audit və test imkanları ilə tanış olmuşlar.
Qeyd edək ki, “Huawei” şirkəti dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda yeni nəsil naqilsiz şəbəkələrin inkişafı, həmçinin süni intellekt əsaslı ağıllı həllərin sosial və iqtisadi həyatımızın müxtəlif sferalarına inteqrasiyası istiqamətində texniki fəaliyyətini sürətlə genişləndirməkdə davam edir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.