Axtarış...
Korrupsiyaya qarşı effektiv mübarizə
“Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda demokratik və ədalətli dövlət qurulmuş, şəffaf ictimai münasibətlər sistemi formalaşmışdır”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində hələ 2014-cü ildə bildirmişdi. Prezident İlham Əliyev qeyd etmişdi ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir. Dövlət başçısının sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi iradə mövcuddur: “Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulması ilə qanunvericilik bazası tam müasirləşdirilmiş və institusional islahatlar həyata keçirilmişdir”.
Prezidentimiz tərəfindən mütəmadi olaraq öz çıxışlarında korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu vurğulanmış, bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsinin zəruri olması bildirilmiş, sosial-iqtisadi inkişafa aparan yolda, yürüdülən siyasətdə korrupsiyaya qarşı sistemli mübarizə aparılmışdır. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinin sədr olduğu dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və üzv ölkələrin qarşılaşdıqları problemlərlə ciddi şəkildə məşğul olmuşdur.
Korrupsiyanın tərifləri
“Korrrupsiya” termini geniş mənada qeyri-qanuni hərəkətlərə qısa şəkildə istinad etmək üçün istifadə edilir. Korrupsiyanın anlayışı barəsində universal, yaxud hərtərəfli tərif olmasa da, ən məşhur təriflərdə ortaq şəkildə dövlət səlahiyyətlərindən və vəzifədən şəxsi mənfəət üçün istifadə edilməsi vurğulanır. Geniş Oksford Lüğətində korrupsiyaya belə tərif verilir: “dövlət vəzifələrinin yerinə yetirilməsi zamanı rüşvətxorluqla, yaxud iltifatla doğruluğun təhrif olunması, yaxud məhvi”. Meriam Vebster Akademik Lüğətində korrupsiya düzgün olmayan və ya qeyri-qanuni vasitələrlə səhv hərəkətlərin stimullaşdırılması kimi müəyyən olunur. Dünya Bankı tərəfindən istifadə edilən qısa tərif belədir ”dövlət vəzifəsindən şəxsi mənfəət üçün sui-istifadə”. Bu tərif qlobal anti-korrupsiya səylərində aparıcı QHT olan Transparency International (TI) tərəfindən istifadə olunan tərifə oxşardır: “Korrupsiya dövlət sektorundakı vəzifəli şəxslər - istər dövlət xadimi olsun, istərsə də qulluqçular tərəfindən elə bir davranışdır ki, bu zaman onlara etibar edilmiş dövlət səlahiyyətlərindən düzgün olmayan şəkildə istifadə etmək yolu ilə özlərini, yaxud özlərinə yaxın olan şəxsləri qeyri-düzgün və qeyri-qanuni yolla varlandırırlar”. Daha geniş tərif aşağıdakı kimidir: Korrupsiya dövlət və özəl sektordakı vəzifəli şəxslər tərəfindən elə bir davranışdır ki, bu zaman tutduqları vəzifədən düzgün olmayan tərzdə istifadə etməklə onlar özlərini və ya onlara yaxın olanları varlandırır, yaxud başqalarını bunu etməyə sövq edirlər. Adətən ”korrupsiya” adlandırılan qeyri-qanuni davranışların siyahısı Avropa İttifaqı Birliyi (AİB) üçün ən böyük maraq və narahatçılıq doğuran sahələri əhatə etməkdir. Korrupsiyanın bəzi növləri daxili xarakter daşıyır, onlar hökumət təşkilatının işçiləri işə götürmək və öz işçilərini idarə etmək, öz ehtiyatlarından səmərəli istifadə etmək, yaxud obyektiv daxili araşdırmalar aparmaq qabiliyyətinə müdaxilə edir. Korrupsiyanın digər növləri xarici xarakter daşıyır, belə ki, bu zaman müştərilərlə, yaxud təchizatçılarla manipulyasiya etmək, yaxud onlardan pul almaq və ya daxildəki informasiyadan bəhrələnmək üçün səy göstərilir. Daha başqa növlər bazar əməliyyatlarına icazəsiz müdaxilə, məsələn, rəqabəti süni surətdə məhdudlaşdırmaq və monopoliya haqqı yaratmaq üçün dövlət səlahiyyələrindən istifadə edilməsindən ibarətdir.
Korrupsiyanın daha dar tərifləri qeyri-qanuni davranışın xüsusi növlərinə istinad etmək üçün lazımdır. Məsələn, tədarük fırıldaqçılığı sahəsində Dünya Bankı korrupsiyalı praktikaya ”tədarük prosesində və ya müqavilənin icra edilməsində dövlət rəsmisinin hərəkətinə təsir etmək üçün hansısa qiymətli bir şeyin təklif edilməsi, verilməsi, alınması və ya tələb edilməsi” kimi tərif verir. Dünya Bankının tərifi dövlət siyasətini və proseslərini rəqabətdə üstünlük (fayda) üçün çevirən özəl agentlərin fəaliyyətini ehtiva edir. Adətən yüksək vəzifəli şəxsləri, böyük qərarları və ya müqavilələri və böyük miqdarda pul vəsaitlərinin mübadiləsini əhatə edən böyük korrupsiya ilə, aşağı səviyyəli işçilərin, standart malların və xidmətlərin, kiçik miqdarda pulların cəlb olunduğu xırda korrupsiyanı bir-birindən fərqləndirmək çox zaman faydalıdır. Sistematik korrupsiya bütöv hökuməti və ya nazirliyi əhatə edir. Fərdi xarakter daşıyan korrupsiya daha çox təcrid olunmuş və qeyri-müntəzəm xarakter daşıyır. Rüşvət almaq və onu yaymaq üçün yaxşı düşünülmüş sistemlərin qurulduğu sindikat halında olan korrupsiya ilə, ayrı-ayrı vəzifəli şəxslərin nizamsız və koordinasiya olunmayan tərzdə rüşvət almaq istəməsi və ya bunun üçün rəqabət aparması ilə qeyri-sindikat xarakterli korrupsiya arasında fərq vardır.
Korrupsiyalı davranışların illüstrativ siyahısı:
- Pul (rüşvət) ödənilməsi və siyasi himayədarlıq üçün imkanlar olduğuna görə iqtisadi cəhətdən sərfəli olmayan layihələrin tərtib edilməsi, yaxud seçilməsi;
- Tədarüklə bağlı fırıldaqçılıq, o cümlədən gizli razılığa gəlmə, artıq haqq tutulması və ya potdratçıların, təchizatçıların və məsləhətçilərin ən aşağı qiymət irəli sürən mahiyyət etibarilə tələblərə cavab verən tender üzvündən fərqli meyarlarla seçilməsi;
- İctimaiyyətin qanuni olaraq hüqugunun çatdığı mal və xidmətlərin, məsələn buraxılış və lisenziyaların vaxtlı-vaxtında verilməsini asanlaşdırmaq üçün hökumətin vəzifəli şəxslərinə qeyri-qanuni “sürətləndirmə pulunun” ödənilməsi;
- İctimaiyyətin qanuni olaraq hüququnun çatmadığı mallardan, xidmətlərdən və yaxud informasiyadan istifadə etməyi asanlaşdırmaq üçün, yaxud ictimaiyyətin qanuni olaraq hüququnun çatdığı mal və xidmətlərdən istifadə etməsinə mane olmaq üçün hökumətin vəzifəli şəxslərinə qeyri-qanuni olaraq pul ödənilməsi;
- Qaydaların və təlimatların ədalətli və məntiqi qaydada tətbiq edilməsinin qarşısını almaq üçün xüsusilə də ictimai təhlükəsizlik, qanunçuluğun təmin edilməsi və gəlirlərin toplanması sahələrində qeyri-qanuni odəmələr;
- Monopolist və oliqopolist məhdudiyyətlər üçün məcburedici iqtisadi rasionalın olmadığı halda bazarlara bu cür (monopolist və oliqopolist tipli) girişi stimullaşdırmaq və saxlamaqdan ötrü hökumətin vəzifəli şəxslərinə pul ödənilməsi;
- Şəxsi mənfəət məqsədilə məxfi informasiyanın qeyri-qanuni yolla əldə edilməsi üçün, məsələn, ictimai nəqliyyat marşrutları haqqında məlumatların qiymətinin, qalxacağı ehtimalı olan daşınmaz əmlaka investisiya qoymaq üçün istifadə edilməsi;
- Korporasiyaların maliyyə vəziyyəti haqqında qəsdən saxta, yaxud çaşdırıcı məlumatların yayılması, geniş özəlləşdirmə üçün nəzərdə tutulmuş müəssisələrin şərti öhdəliklərinin bəyan edilməməsi, yaxud onların aktivlərinin həqiqətdə olduğundan aşağı qiymətləndirilməsi;
- Dövlət mülkiyyətinin və pullarının oğurlanması və mənimsənilməsi;
- Rəsmi vəzifələrin və vəzifədə irəliyə çəkmənin satılması, qohumbazlıq, yaxud peşəkar, qabiliyyətdən asılı olan dövlət qulluğunun yaradılması işini pozan digər hərəkətlər;
- Dövlət vəzifəsindən şantaj məqsədilə, yaxud sui-istifadə edilməsi, məsələn, şəxsi mənfəət əldə etmək üçün vergi yoxlaması aparılacağı ilə, yaxud qanunla nəzərdə tutulan sanksiyalardan istifadə ediləcəyi ilə bağlı hədələmə üçün istifadə edilməsi;
- Ədalətin bərqərar olmasına mane olmaq, yaxud qeyri-qanuni davranışı aşkar etmək, onu araşdırmaq və təqib etmək səlahiyyətləri olan təşkilatların öz vəzifələrini yerinə yetirməsinə müdaxilə etmək.
Antikorrupsiya
Dövlət və ya özəl bir vəzifədən şəxsi mənfəət üçün sui-istifadə edilməsi kimi tərif verilən korrupsiya problemi tarix boyu hökumətlərin qarşılaşdıqları ən davamlı çətin vəziyətlərdən biri olmuşdur. Korrupsiyalı davranışın xarakterində və miqyasında, eləcə də antikorrupsiya tədbirlərinin hansı dərəcədə tətbiq edilməsində fərqlər ola bilər, bu fenomenə faktiki olaraq bütün dövrlərdə və hər bir siyasi sistemdə rast gəlmək olar.
Tarixən korrupsiya ilə bağlı narahatlıqlar özünü sikllər (dövr) şəklində büruzə vermiş, belə ki, bu zaman xidməti sui-istifadə hallarının aşkar olunması antikorrupsiya kampaniyalarını və inzibati əks-tədbirləri doğurmuşdur. Korrupsiyanı azaltmaq, yaxuq tam aradan qaldırmaq arzusu yaxşı idarəetmə üzrə bir çox möhkəm innovasiyaların əsasında dayanmışdır. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərindəki dövlət idarəçiliyi sahəsindəki böyük islahatlar, o cümlədən qabiliyyətdən asılı olan dövlət qulluqçuluğu sistemi və hökumət nazirliklərinin və departamentlərinin peşəkar şəkildə idarə edilməsi və ya büdcə, tədarük və audit proseslərinin və agentliklərinin yaradılması - baş verə biləcək rüşvət və siyasi himayədarlıq kimi sui-istifadə hallarının qarşısının daha erkən alınması arzusundan irəli gəlmişdir.
Son vaxtlar korrupsiyaya qarşı mübarizə səyləri yaxşı idarətmə və iqtisadi inkişaf haqqında debatların mərkəzində olmuşdur. Bu hərəkət bir çox mənbələrdən stimullaşdırılmışdır. Donorlar tərəfindən Soyuq Müharibənin sona çatması yardım edən ölkələrin daha geniş geosiyasi maraqlar fonunda maliyyə cəhətdən qeyri-düzgünlük hallarına nəzər yetirməmək meyillərini azaltmışdır. Donorlar xarici yardım təşkilatlarına getdikcə daha böyük təzyiq göstərmişdir ki, onlar pulu maksimum şəkildə dəyərləndirdiklərini nümayiş etdirsinlər. Bir çox beynəlxalq korporasiyalar inanmağa başlamışlar ki, onların maraqları açıq və şəffaf rəqabət şəraitində daha yaxşı gözlənilir. Ən ekstremal halda isə, korrupsiyanın şiddətli bir tərzdə irəliləməsinə imkan verilərsə, bir ovuc “kleptokratik” (oğru) rejimlərin mənfəət nümunəsi siyasi və sosial uğursuzluq təhlükəsini aydın şəkildə göstərmişdir.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunların aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qalmaqdadır. Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır.
Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur.
Eyni zamanda, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının şərait yaradır. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir.
Ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planının qəbul edilməsini şərtləndirir. Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.
Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamət və məqsədlərdir.
Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu Qanun, habelə dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.
Korrupsiya ilə əlaqədar cinayətlərin yüksək ictimai təhlükəlilik dərəcəsi, habelə ölkəmizin qoşulmuş olduğu BMT-nin 2004-cü il tarixli “Korrupsiya əleyhinə” Konvensiyasının 36-cı maddəsinin hər bir iştirakçı dövlətin öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun təmin edilməsi barədə öhdəliyinin icrası qaydasında “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 114 nömrəli Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmışdır. Baş İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış qurumdur və Azərbaycan Respublikasının Baş prokuroruna tabedir. “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə uyğun olaraq Baş İdarənin əsas vəzifələrinə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxmaq və araşdırma aparmaq, korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlamaq və ibtidai istintaq aparmaq, korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini İdarənin yazılı tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri yerinə yetirdikdə bu sahədə qanunların icrasına nəzarəti həyata keçirmək, korrupsiya ilə bağlı cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək, korrupsiyaya qarşı mübarizənin vəziyyətini öyrənmək, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırmaq, korrupsiya ilə bağlı cinayətlərin ibtidai istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesində iştirak edən şahidlərin, zərərçəkmiş, təqsirləndirilən və digər şəxslərin təhlükəsizliyi üçün tədbirlərin görülməsini təmin etmək, korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya mütəmadi olaraq məlumat vermək, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etmək, görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq və fəaliyyətində aşkarlığı təmin etmək və s. daxildir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiya öz fəaliyyətini qanunvericilik, icra və məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini mütəmadi olaraq məlumatlandırır. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır. Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.