Axtarış...
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə seminar müşavirə keçirilmişdir
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) “Korrupsiya hüquqpozmalarına qarşı mübarizə üzrə hüquqi tədbirlər barədə təcrübə mübadiləsinin təşkili və bu sahədə ictimai-siyasi hazırlığın təşkili” mövzusunda əməkdaşların maarifləndirilməsi istiqamətində tədbirlərin keçirilməsi davam edir. Bununla bağlı bu sahədə illərlə aparılmış hüquqi islahatlar sahəsində geniş təcrübəsi olan Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının еkspеrti, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev qonaq qismində XRİTDX-yə dəvət edilmişdir.
Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin müavini general-mayor Allahverən İsmayilov ölkəmizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı haqqında məlumat vermişdir.
O, qeyd etmişdir ki, ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev mütəmadi olaraq öz çıxışlarında korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunu vurğulamış, bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsinin zəruri olduğunu bildirmiş, sosial-iqtisadi inkişafa aparan yolda korrupsiyaya qarşı sistemli mübarizə aparıldığını bildirmişdir. Azərbaycan korrupsiyaya qarşı mübarizəni prioritet sahələrdən biri elan etmişdir.
“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirmişdir ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. “Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır. Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur” – deyə Ə.Nuriyev bildirmişdir.
O, korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli şəkildə həyata keçirilməsinə yaradılan imkanlardan ətraflı danışmışdır.
Tədbirin sonunda A. İsmayilov XRİTDX-nın rəisi general-leytenant İlqar Musayevin adından Əliməmməd Nuriyeva sertifikat təqdim etmiş, tədbir iştirakçilarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmişdir.