Axtarış...

Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya Üzrə Beynəlxalq Konfrans işə başlayıb

Cari ilin 16-18 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Parlament Sarayında Deputatlar Palatasının sədrinin və Rumıniya hökumətinin təşkilatçılığı ilə Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti keçirilir. Sözügüdən sammitdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti çərçivəsində təşkil edilən Kiberdiplomatiya Üzrə Beynəlxalq Konfransda (ICCD) Rumıniya Senatı Nicolae Ionel Cıucă, Rumıniyanın digər rəsmi şəxsləri və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxış ediblər.
Xidmət rəisi çıxışında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin fəaliyyətindən bəhs etmiş, kibermünaqişələrin qarşısını almaq və kiberməkanda məsuliyyətli dövlət davranışını təmin etmək üçün diplomatik səylərin lazım olduğunu vurğulamış, eyni zamanda Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında ötən il imzalanan Anlaşma Memorandumuna əsasən cari ilin ikinci yarısında Azərbaycanda regionda ilk dəfə “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfransın keçiriləcəyi haqqında məlumat vermişdir.
Sammit çərçivəsində Kibertəhlükəsizlik və Texnologiyada Regional Diplomatik Təşəbbüslər, Kiberdiplomatın fəndi: Rəqəmsal əsrdə diplomatiya sənəti, Təhlükəsiz Rəqəmsal Ticarət Mühitinin Təşviqi, İnkişaf etməkdə olan Texnologiyalar üçün Əməkdaşlığın Hüquqi Çərçivələri mövzusunda panel müzakirələr aparılmışdır. Panel müzakirələrdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov iştirak etmişdir. T.Məmmədov qlobal xidmət provayderlərdə toplanan fərdi məlumatlardan qeyri-etik istifadə hallarından, onların fərdlərin seçim azadlığına təsir imkanlarından, “Deepfake” texnologiyaları nəticəsində yayılan saxta xəbərlərdən və belə xəbərlərin cəmiyyətlərdə yarada biləcəyi ajiotaj, xaos, siyasi və iqtisadi təsirlərinin təhlükələrindən danışmışdır. O cümlədən T.Məmmədov süni intellektin etik istifadə sahələrindən danışaraq, bu kimi hallarla mübarizə və əməkdaşlıqlar üçün Kiberdiplomatiya kimi platformaların effektivliyini xüsusi vurğulamışdır.
Qeyd edək ki, Buxarest Rəqəmsal İnnovasiyalar Sammiti işini davam etdirir.