Axtarış...

Tural Məmmədov: "Media özü də bilmədən kiberbullinqin bir vasitəsinə çevrilir"

Cari ilin 3 may tarixində Bakida "İctimai proseslər media müstəvisində" mövzusunda Forum keçirilib.

Forumda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov çıxış edib. Çıxışında T. Məmmədov mediada kiberbullinqə qarşı effektiv mübarizə haqqında ətraflı danışmışdır: "Media kiberbullinqə qarşı təlimlərə və maarifləndirmə işinə cəlb edilməlidir. Çünki bəzi hallarda maraqlı görünə biləcək bəzi xəbərlərin anonimləşdirmədən yayılması xəbərdə yer alan həmin şəxsləri kiberbullinqin birbaşa hədəfinə çevirir. Belə olan halda media özü də bilmədən kiberbullinqlin bir vasitəsinə çevrilir. Ona görə xəbərləri, məlumatları paylaşarkən çox diqqətli olmalıdırlar. Əgər kiberbillinq əsaslı xəbər olarsa onu müvafiq qurumlarla dəqiqləşdirmək olar". 

T. Məmmədov kiberbullinqin gənclərin həm psixoloji vəziyyətinə, həm də gələcək yetişməsində böyük maneə olduğunu diqqətə çatdırıb: "UNİCEF-in dəstəyi ilə 30 ölkədə gənclər arasında aparılan sorğuya əsasən hər 3 gəncdən biri kiberbullinqə məruz qalır. Bu çox ciddi bir rəqəmdir. Onların da 75 %-i məhz sosial şəbəkədə kiberbullinqlə qarşılaşıb. Eyni zamanda kiberbullinqə məruz qalanların 20 %-i bu haldan sonra universitetə və ya məktədə getməkdən imtina ediblər".

Eləcədə, idarə rəisi "Təhlükəsiz təqvim" layihəsi çərçivəsində üç ay ərzində məhz kiberbullinqi özündə əhatə edən seminarların keçirildiyini qeyd etmişdir.