Axtarış...

BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiyası”nın yekun layihəsi hazırlanaraq qəbul edilib

BMT Baş Assambleyasının 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə yaradılmış İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı hərtərəfli Beynəlxalq Konvensiyanın hazırlanması üzrə hökumətlərarası açıq tərkibli “Ad Hoc” Komitənin yekun sessiyası 29 iyul - 9 avqust 2024-cü il tarixlərində BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilib.

Sessiyanın son iclasında BMT-yə üzv dövlətlərin nümayəndə heyətlərinin, o cümlədən tərkibinə respublikamızın aidiyyəti dövlət qurumlarının əməkdaşlarının daxil olduğu Azərbaycan nümayəndə heyətinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsi qəbul edilib.

Konvensiya informasiya və kommunikasiya texnologiyaları sistemləri vasitəsilə törədilmiş cinayətlərə qarşı mübarizə və ağır cinayətlər üzrə elektron sübut mübadiləsi üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi geniş tətbiq sahəsini əhatə edir.

Yekun sessiyada ölkəmizi Dövlət Təhlükəsizliyi Xidmətindən Həsən Mansurov, Orxan Abdulkərimli, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən Emin Qəmərli olmaqla Azərbaycan nümayəndə heyəti təmsil edib.

Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və Komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun Konvensiya layihəsinin mətnində öz əksini tapıb.

Son sessiyada Azərbaycan nümayəndə heyəti tərəfindən Konvensiyanın sürətlə rəqəmsallaşan yeni dövrdə ictimai və fərdi maraqları qoruyacağına, kollektiv səylərin yüksək dəyərini və effektivliyini nümayiş etdirəcəyinə inam ifadə edilməklə yanaşı, dünyada dezinformasiyaya, bərabərsizliyə və neokolonializmə xidmət etməyəcəyinə ciddi gözləntilərin olduğu xüsusi vurğulanıb.