Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin peşə bayramı qeyd edildi

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Xidmətin peşə bayramı münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etmiş, əziz xatirəsini ehtiramla yad etmiş, Ulu Öndərin və görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil və gül dəstələri qoymuşlar. Xidmətin şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımızın xatirəsini ehtiramla yad edərək “Əbədi məşəl” abidə kompleksi önünə əklil qoymuşlar.

Sonra Xidmətin rəisi və rəhbər heyət Xidmətin inzibati binasının foyesində yerləşən Ulu öndərə həsr olunmuş guşəyə baxış keçirərək, Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.

Xidmətin inzibati binasında təntənəli yubiley mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general – leytenant İlqar Musayev ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik və uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi və Xidmətin yaranması haqqında ətraflı məlumat verdi.

Tədbir zamanı Xidmət rəisi ölkə başçısı İlham Əliyevin hərtərəfli diqqət və qayğısı sayəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət orqanları üçün xüsusi rabitənin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrin keyfiyyətli, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində əldə edilmiş uğurları vurğuladı.

Xidmət rəisi hazırda qarşıda duran ən mühüm vəzifələrdən - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) zamanı informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və buraya COP29 məlumat bazasının DATA Mərkəzində yerləşdirilməsi, hərtərəfli təhlükəsizlik yoxlamalarının aparılması, mühüm telekommunikasiya problemlərinin həlli və tədbirin keçirildiyi məkanların “AzStateNet” internet şəbəkəsi ilə əhatə edilməsi, eləcə də Azərbaycanda ilk dəfə keçiriləcək Kiberdiplomatiya Konfransının təşkili ilə bağlı qarşıda duran işlərlərdən ətraflı məlumat verdi.

Sonra Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Xidmətin bir sıra əməkdaşlarının təltif olunması haqqında Azərbaycan Respublikasının Pre­ziden­ti­nin Sə­rən­ca­mını elan etdi, təltifə və Xidmətin əməkdaşlarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına kollektiv adından öz minnətdarlığını bildirdi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul edildi.