Axtarış...

İnformasiya Təhlükəsizliyi” elmi-metodiki jurnalının təsis edilməsinin 5 illiyi münasibəti ilə tədbir keçirilmişdir

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində “İnformasiya Təhlükəsizliyi” elmi-metodiki jurnalının təsis edilməsinin 5 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi general-leytenant Mürsəl Vəliyev giriş nitqi ilə çıxış etmişdir. O çıxışında qloballaşan informasiya məkanında milli maraqların qorunmasının, informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsinin, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının, akademik təsisatların, alim və mütəxəssislərin səylərinin səfərbər edilməsinin və əlaqaləndirilməsinin nə dərəcədə əhəmiyyətli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda qlobal informasiya məkanında milli maraqların qorunmasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş siyasətin həyata keçirilməsi milli informasiya təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi məqsədi ilə göstərilən dövlət dəstəyi nəticəsində mümkün olduğunu qeyd etmiş, Azərbaycan Respublikası Prezidenti tərəfindən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılmasının, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının təsis edilməsinin ölkə rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqətin bariz nümunəsi olduğunu bildirmişdir.

M.Vəliyev “İnformasiya Təhlükəsizliyi” jurnalının da məhz dövlətin dəstəyi nəticəsində ərsəyə gəldiyini qeyd etmiş, yaradıcı kollektivə, redaksiya heyətinə informasiya təhlükəsizliyi sahəsində cəmiyyətin maarifləndirilməsində, informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasında, qabaqcıl təcrübələrin yayılmasında, mütəxəssislərə elmi-metodiki yardımın göstərilməsində iştiraklarına görə təşəkkür etmişdir.

Çıxışının sonunda M.Vəliyev jurnalın əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin əmrini tədbir iştirakçılarının diqqətinə çatdıraraq əmrə əsasən Nurəddin Niftiyevin (Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya), Rahid Ələkbərlinin (Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi), Davud Rüstəmlinin (Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti), Sevinc Vəlibəylinin (“Azinfosec” şirkəti) “Azərbaycan Respunlikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi” yubiley medalı ilə, Tural Məmmədovun (Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi) isə “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Fəxri Fərmanı” ilə təltif olunduğunu bildirmiş və təltif olunanları təbrik etmişdir.

Tədbirin sonunda “İnformasiya Təhlükəsizliyi” jurnalının redaktoru Allahverən İsmayılov çıxış edərək jurnalın təsis edilməsinin 5 illiyi münasibəti ilə tədbirin təşkil edilməsinə, jurnalın ərsəyə gətirilməsində fəal iştirak etmiş şəxslərin təltif olunmasına, habelə redaksiya heyətinin fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə və maddi dəstəyə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür etmiş və jurnalın yaradıcı heyətinin bundan sonra da jurnalın nüfuzunun və sahənin inkişafındakı rolunun artırılmasında fəal iştirak edəcəyini bildirmişdir. Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.