Axtarış...
Dövlət qurumları İT rəhbərlərinin V Zirvə Toplantısı keçirilmişdir
Tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında sahə üzrə problemləri müzakirə etməklə yanaşı, yeni imkanları və ideyaları bölüşmək məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən təşkil edilir.
Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak etmişdir.
“Zirvə Toplantısı”nı giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general–mayor Allahverən İsmayilov iştirakçıları salamlayaraq bildirmişdir ki, Azərbaycanın İKT sahəsindəki fəaliyyəti məhz ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Son dövrlərdə kibertəhlükəsizlik sahəsində qarşılaşdığımız təhdidlər daha da mürəkkəbləşmiş və qlobal miqyasda yayılmağa başlamışdır. Artıq kibercinayətkarlar dövlət şəbəkələri ilə yanaşı, fərdi istifadəçiləri də hədəfə alırlar. A. İsmayılov çıxışında tədbirin məqsədinin yalnız dövlət qurumlarının kibertəhlükəsizliyinin artırılmasından deyil, həm də ölkəmizin informasiya təhlükəsizliyi ekosisteminin birgə formalaşdırılmasından ibarət olduğunu vurğulamışdır. Xidmət rəisinin müavini XRİTDX tərəfindən regionda ilk dəfə uğurla keçirilən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans və Kiberdiplomatiya Mərkəzinin yaradılması haqqında ətraflı məlumat vermişdir.
Daha sonra XRİTDX-nın idarə rəisi Tural Məmmədov dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyəti ilə bağlı statistik göstəricilər və sahə üzrə yeniliklər barədə təqdimatla çıxış etmişdir.
Tədbirin davamında Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin, “MegaSec” şirkətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri təqdimatla çıxış etmişdirlər.
“Dövlət qurumları İT rəhbərlərinin V Zirvə Toplantısı” yeni təhdidlər və onların həll yolları, dövlət qurumlarının üzləşdikləri problemlərin açıq müzakirəsi ilə başa çatmışdır.