Axtarış...
XRİTDX-nın əməkdaşları “FDC Summit 2025” tədbirində və OIC-CERT təşkilatının İdarə Heyətinin iclaslarında iştirak etmişlər
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin əməkdaşları Misir Ərəb Respublikasının Milli Telekommunikasiya Tənzimləmə Orqanının (NTRA) təşkilatçılığı ilə 28–30 aprel tarixlərində Qahirə şəhərində keçirilmiş “FDC Summit 2025” tədbirində və İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzlərinin – OIC-CERT təşkilatının İdarə Heyətinin 2025-ci il üzrə ikinci iclasında iştirak etmişlər.
“FDC Summit 2025” tədbiri çərçivəsində keçirilən OIC-CERT təşkilatının İdarə Heyətinin iclası zamanı icmanın 2025-ci il üzrə fəaliyyət dövründə ölkəmizi təmsil edən Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin öhdəsinə götürdüyü tədbirlər haqqında məlumat verilmişdir. Mərkəz tərəfindən davam etdirilən mühüm təşəbbüslərdən biri də OIC-CERT-in Üzvlük Portalının tərtibatıdır. İclas zamanı XRİTDX-nin əməkdaşları yeni portalın ilkin təqdimatını həyata keçirmişlər.
Tədbir çərçivəsində keçirilən “Research Forum”da Murad Balayev “Bir klikin pərdəarxası: sosial mühəndislik milli təhlükəsizlik riski kimi” mövzusunda panel müzakirəsində spiker qismində iştirak etmiş və Azərbaycanda dövlət qurumları üçün CERT-in təcrübələri haqqında məlumat vermişdir.