Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində Peşə Bayramı münasibətilə tədbir keçirilmişdir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binasında Peşə Bayramı münasibətilə Xidmət əməkdaşlarının iştirakı ilə tədbir təşkil olunmuşdur. İnzibati binasının foyesində yerləşən Ulu Öndərə həsr olunmuş guşəyə baxış keçirərək, Heydər Əliyevin büstü önünə əklil qoymuşlar.

Tədbiri giriş sözü ilə açan Xidmət rəisi İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizin mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxmasından, habelə dövlətimizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsindən bəhs etmişdir. O, həmçinin Peşə Bayramının yaranma zərurəti və tarixi haqqında ətraflı məlumatı iştirakçıların nəzərinə çatdırmışdır.

Xidmət rəisi, informasiya təhlükəsizliyi və xüsusi rabitə sahəsində həyata keçirilən dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqət mərkəzində olmasını, dövlət başçısının rəhbərliyi ilə qəbul edilən strateji qərarların, müasir çağırışlara uyğun normativ-hüquqi baza və maddi-texniki təminatın gücləndirilməsinin bu sahədə yeni inkişaf mərhələsinə keçidə təkan verdiyini vurğulamışdır. Eləcə də, Xidmət rəisi son illərdə dövlət orqanlarının informasiya resurslarının təhlükəsizliyinin təmin olunmasında Xidmətin   əhəmiyyətli rolunu  qeyd etmişdir.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı şəxsi heyətin diqqətinə çatdırılmış və xidməti vəzifələrini şərəflə yerinə yetirən və peşəkarlığı ilə fərqlənən zabitlər Xidmət rəisi İlqar Musayev tərəfindən medallar və fəxri fərmanlarla təltif olunmuşdur.

Şəxsi heyət göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını  bildirmişdir.