Axtarış...

“CIDC-2025” kiberfestivalı başa çatdı

Cari ilin 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı beynəlxalq kibertəhlükəsizlik festivalı keçirilmişdir. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirilib.

İkinci dəfə keçirilən “CIDC-2025” tədbirinə ümumilikdə 2245 ziyarətçi, 360 təlim iştirakçısı, 47 komanda və 56 tərəfdaş təşkilat qoşulmuşdur. Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Kiberfestivalın açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq şirkətlərin nümayəndələri, kibertəhlükəsizlik mütəxəssisləri, akademik dairələrin üzvləri və gənc mütəxəssislər iştirak etmişlər.

Açılış mərasimində XRİTDX rəisi general-leytenant İlqar Musayev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, və tədbirin platin sponsorlarının nümayəndələri çıxış etmişlər.

“CIDC-2025”in tərəfdaşları arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, SOCAR, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Elektron Təhlükəsizlik Xidməti, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA), Femmes Digitales və EGA (Estoniyanın Elektron Hökumət Akademiyası) da yer almışlar. İki gün ərzində keçirilən təlimlərin təşkilində "Blackbox Security" şirkəti, fərdi yarışların təşkilində "PeakEye Group" şirkəti, "Ağıllı şəhərlərdə kibermüharibə" platformasının qurulmasında "Cyber Exer" şirkəti yaxından iştirak etmişlər. 

Festival çərçivəsində yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat, 5 panel müzakirəsi və Azərbaycanda ilk Kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsiz təlim keçirlmişdir.

Tədbirin keçirildiyi Bakı Konqres Mərkəzində müasir texnoloji avadanlıqlarla təchiz olunmuş geniş sərgi zonaları və 3500 nəfərlik tutumu olan zallar ilə festival iştirakçılarına rahat və innovativ mühit yaradılmışdır. Burada təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim etmişlər.

Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaları da keçirilmişdir.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu dəfə “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçirilmişdir. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və 5 xarici komanda iştirak etmişdir. Tədbirin sonunda “Ağıllı şəhərlərdə Kibermüharibə” yarışının qaliblərinə sertifikatlar və 30.000 manat (birinci yer 15000, ikinci yer 10000, ucuncu yer 5000 azn) məbləğində pul mükafatı təqdim edilmişdir. Birinci yer “AzInTelecom" MMC-nin  – “RedBox” komandası, ikinci yer “Azercell” şirkətinin “Cybercell” komandası və üçüncü yer “Kapital Bank" ASC-nin – “Bir Sec”  komandası tutmuşdur.

Bununla yanaşı masterklas kurslarında təlim almış dinləyicilərə, tədbirin sponsorlarına və tərəfdaşlarına təşkilatçılar tərəfindən sertifikatlar verilmişdir.

“CIDC-2025” ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcəkdir.