Axtarış...

Bakıda “Women in Cyber” Beynəlxalq Konfransı keçirilib

Cari ilin 11 oktyabr tarixində Bakı şəhərində “Women in Cyber – Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” adlı beynəlxalq konfrans keçirilmişdir.

Konfrans “Critical Infrastructure Defence Challenge 2025” ("CIDC-2025") beynəlxalq kiberfestivalı çərçivəsində “Femmes Digitales – Supporting Women in Tech” İctimai Birliyi ilə Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunmuşdur.

Konfransın əsas tərəfdaşları Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) olmuşdur.

Tədbirdə regionun müxtəlif ölkələrindən olan 300-dən çox iştirakçı – kibertəhlükəsizlik mütəxəssisləri, dövlət rəsmiləri, akademiklər və gənc mütəxəssislər iştirak etmişlər.

Konfransın açılış mərasimində çıxış edən XRİTDX-in Baş idarə rəisinin müavini Tural Məmmədov qadınların kibertəhlükəsizlik sahəsində iştirakının və liderlik potensialının gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır. O, qeyd etmişdir ki, qadınların kibertəhlükəsizlikdə liderliyini təşviq etməklə regionumuz üçün daha təhlükəsiz, ağıllı və inklüziv gələcəyə sərmayə qoyulur. Eləcə də, T. Məmmədov müasir dövrdə qadınların kibertəhlükəsizlik və informasiya texnologiyaları sahəsində artan rolu həm milli, həm də regional inkişaf gündəliyində prioritet istiqamətlərdən biri olmasını vurğulamışdır.

Konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılması, böhran dövrlərində rəqəmsal dayanıqlığın gücləndirilməsi, regional əməkdaşlıq və ictimai etimadın möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr aparılmışdır.