Axtarış...

İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının növbəti iclası keçirildi

2021-ci il 5 noyabr tarixində İnformasiya Təhlükəsizliyi üzrə Kordinasiya Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Komissiyanın sədri Mürsəl Vəliyev 44 günlük Vətən Müharibəsində qətiyyətli qərarları ilə xalqımıza  Zəfər hissini yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü ifadə etdi və bu qələbədə payı olan mübariz oğullarımıza təşəkkür,  şəhidlərimizə Ulu Tanrıdan rəhmət dilədi. O, həmçinin 44-günlük Vətən müharibəsi dövründə hər bir dövlət qurumunun  müvafiq sahələr üzrə vəzifələndirildiyini və bu vəzifələrin öhdəsindən uğurla gəldiyini qeyd edərək informasiya təhlükəsizliyinin də Vətən Müharibəsi zamanı ən aktual mövzulardan biri olduğunu, eləcə də, bu müddət ərzində kibercəbhədə yüksək intensivliyin müşahidə olunduğunu, yalnız dövlət qurumlarına qarşı həyata keçirilən 3000-dən çox kiberhücum cəhdinin qarşısının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən mətinliklə alındığını diqqətə çatdırdı. 

Daha sonra Komissiya informasiya təhlükəsizliyinə dair müxtəlif qurumların qaldırdığı, o cümlədən gündəlikdə duran məsələlərin müzakirəsini həyata keçirdi. Dövlət qurumlarında informasiya sızmasına qarşı informasiya təhlükəsizliyi təminatına diqqət və nəzarətin gücləndirilməsi məqsədi ilə “İnformasiya təhlükəsizliyinin təminatı haqqında hazırlanmış nümunəvi təlimat”, fərdi məlumatların mühafizəsinin gücləndirilməsi üçün müvafiq qanunvericilik aktlarında dəyişiklik təklifləri, kritik informasiya infrastrukturlarının təhlükəsizlik məsələləri, kadr hazırlığı, milli kriptoqrafiya, informasiya təhlükəsizliyinə təhdidlər və s. kimi mövzular müzakirə olunan məsələlər sırasında yer aldı.

Yuxarıda qeyd olunan məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəy və təkliflərlə çıxış etdilər.

Sonda Komissiyanın sədri bütün iclas iştirakçılarına müzakirələrdə aktiv iştirakına görə təşəkkür etdi və müzakirə olunan məsələlərin protokollaşdırılaraq icrası üçün zəruri tədbirlərin görüləcəyini bildirdi.İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran məsələlərin həlli üçün belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğuladı.