Axtarış...
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycan Texniki Universitetində kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələri mükafatlandırıb
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 2025–2026-cı tədris ilinin birinci semestri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə növbəti müsabiqəni həyata keçirmişdir.
Yekun nəticələrə əsasən, bakalavrın İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Rəhimli Mahmud Səməd oğlu və Verdizadə Ömər Rüfət oğlu, həmçinin AzTU-nun nəzdində fəaliyyət göstərən Yüksək Təhsil İnstitutunda dövlət informasiya sistemlərinin təhlükəsizliyi ixtisaslaşması üzrə magistratura tələbəsi Şükürlü Aydın Elbəyi oğlu xüsusi fərqlənərək qalib elan olunmuşlar.
Mükafatlandırılma mərasimində XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov, AzTU-nun rektoru professor Vilayət Vəliyev və digər nümayəndələr iştirak etmişlər. Çıxışlar zamanı dövlət qurumları ilə ali təhsil müəssisələri arasında mövcud əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılmış, kibertəhlükəsizlik istiqamətində gənc mütəxəssislərin hazırlanmasının dövlət üçün strateji prioritetlərdən biri olduğu vurğulanmışdır.
Qeyd edilmişdir ki, XRİTDX ilə AzTU-nun arasında 05 noyabr 2022-ci il tarixində imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində AzTU tələbələri üçün mütamadi olaraq müsabiqələr keçirilərək qalib tələbələr mükafatlandırılmaqla yanaşı informasiya təhlükəsizliyi sahəsi üzrə təhsil alan tələbələrə praktiki-təcrübə proqramı çərçivəsində tədbirlərdə iştirak etmələri üçün şərait yaradılır. Həyata keçirilən tədbirlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi və ölkədə kibertəhlükəsizlik sahəsinin insan resursları potensialının gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.
Daha sonra XRİTDX-nin nümayəndələri Universitetin müasir tədris infrastrukturu ilə tanış olmuş, Xidmətin dəstəyilə yaradılmış laboratoriyalar, rabitə və telekommunikasiya üzrə yenilənmiş tədris otaqları, habelə tətbiq olunan innovativ təlim mühitləri və qabaqcıl tədris texnologiyaları ilə tanış olmuşlar.