Axtarış...

XRİTDX tərəfindən ali təhsil müəssisələrində sahə üzrə ustad dərsləri keçirilib

Cari ilin noyabr–dekabr ayları ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən bir sıra ali təhsil müəssisələrinin tələbələrinə informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, eləcə də gələcək kadr potensialının formalaşdırılması məqsədilə 9 ustad dərsi keçirilmişdir.

Təlimlər Azərbaycan Texniki Universitetinin, Bakı Ali Neft Məktəbinin və Bakı Biznes Universitetinin tələbələri üçün təşkil olunmuşdur. XRİTDX-nin peşəkar əməkdaşları tərəfindən keçirilən ustad dərslərində informasiya təhlükəsizliyində idarəetmə və uyğunluq yanaşmaları, rəqəmsal ekspertiza (kibertəhlükəsizlik və hüquqi proseslərdə etibarlı sübutların təmin edilməsi), eləcə də kibermüdafiə ekosistemi çərçivəsində SOC komandalarının proaktiv və reaktiv funksiyaları kimi aktual mövzular əhatə olunmuşdur.

Qeyd edək ki, sözügedən təlimlər tədris müəssisələri ilə imzalanmış Əməkdaşlıq Haqqında Memorandumlar çərçivəsində həyata keçirilmişdir. Bu təşəbbüs tələbələrin praktiki biliklərinin artırılmasına, informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış insan kapitalının inkişafına və ölkənin kadr ehtiyatının genişləndirilməsinə xidmət edir.