Axtarış...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı Konvensiyası”nın Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb
BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan tərəfi - Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda fəal iştirak edərək töhfə verib.
“Kibercinayətkarlığa qarşı Konvensiya” 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.
Konvensiya kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəd olmaqla, informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək törədilən cinayətlərin qarşısının alınması, aşkar edilməsi, araşdırılması və təqibi üzrə dövlətlər üçün ümumi hüquqi standartlar müəyyən edir.
Qeyd olunan Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır. Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya verilməsinə imkan yaradır.
Qeyd edək ki, Konvensiya 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində imzalanıb.