Axtarış...
XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib
2026-cı il 24 aprel tarixində Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda “Rəqəmsal Transformasiya və İnnovativ Texnologiyalar” mövzusuna həsr olunmuş elmi seminar keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Milli Müdafiə Universitetinin elm və təhsil üzrə rektor müavini, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, professor, general-mayor Arif Həsənov çıxışında Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"na xüsusi diqqət çəkərək, bu mühüm sənədə əsasən dövlət qurumlarının və təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən, eləcə də milli müdafiə və təhlükəsizlik sistemində innovativ texnologiyaların tətbiqi perspektivlərindən bəhs etmişdir.
Daha sonra XRİTDX-nin baş idarə rəisinin müavini Tural Məmmədov “Kritik informasiya infrastrukturlarının qorunması kontekstində rəqəmsal transformasiya: milli strategiyalar, texnoloji trendlər və kibertəhlükəsizlik çağırışları” mövzusunda çıxış edərək, kritik infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin olunmasında rəqəmsal texnologiyaların rolu, milli səviyyədə strateji yanaşmalar və mövcud təhdid mühiti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev “Süni intellektin kibertəhlükəsizlik ekosistemində rolu: tətbiq istiqamətləri və adaptiv müdafiə yanaşmaları” mövzusunda təqdimatla çıxış etmişdir. Çıxışda süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sahəsində tətbiqi, müasir hücum vektorları – o cümlədən “deepfake”, səs saxtalaşdırılması və digər süni intellekt əsaslı təhdidlər, həmçinin adaptiv və proaktiv müdafiə mexanizmləri ətraflı şəkildə izah olunmuşdur.
Seminarda dövlət qurumlarının və təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən, eləcə də milli müdafiə və kibertəhlükəsizlik sistemində innovativ texnologiyaların tətbiqi perspektivlər haqqında müzakirələr aparılmışdır.