Axtarış...
“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda XI Respublika elmi-texniki konfransı keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda iki gün davam edəcək XI Respublika elmi-texniki konfransı işə başlayıb.
Konfransın açılış mərasimində AzTU-nun rektoru, professor Vilayət Vəliyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov iştirak və çıxış ediblər.
Açılış nitqi ilə çıxış edən Xidmət rəisinin müavini qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik kursu çərçivəsində informasiya texnologiyaları və kibertəhlükəsizlik məsələləri daim prioritet istiqamətlərdən biri olmuşdur. Bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkənin rəqəmsal inkişafı və kibertəhlükəsizlik potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərlə müşayiət olunur. A. İsmayılov süni intellekt və kibertəhlükəsizliyin müasir dövrdə milli təhlükəsizlik sisteminin əsas komponentlərindən biri olduğunu vurğulayıb və bildirib ki, rəqəmsal texnologiyaların inkişafı ilə yanaşı, kibertəhdidlərin miqyası və mürəkkəbliyi də artmaqdadır və bu, qabaqlayıcı yanaşmaların tətbiqini zəruri edir.
Xidmət rəisinin müavini qeyd edib ki, XRİTDX tərəfindən dövlət informasiya resurslarının qorunması istiqamətində görülən tədbirlər nəticəsində kibertəhdidlərin qarşısı operativ şəkildə alınır, zərərli fəaliyyətlər vaxtında neytrallaşdırılır.
Sonda Xidmət rəisinin müavini bildirib ki, XRİTDX ilə AzTU arasında 2022-ci ildə imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində kibertəhlükəsizlik sahəsində kadr hazırlığı, elmi-tədqiqat fəaliyyəti və bilik mübadiləsi istiqamətində birgə işlər həyata keçirilir. Qeyd olunub ki, dövlət–universitet əməkdaşlığı kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsində əsas amillərdən biridir və bu istiqamətdə birgə fəaliyyət ardıcıl şəkildə davam etdiriləcəkdir.
Tədbir sahə üzrə gənc mütəxəssislərin çıxışları və müzakirələrlə davam edib.