Axtarış...

XRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilmişdir.

Görüş Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında 10 fevral 2026-cı il tarixində imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində baş tutmuşdur.  Görüşün əsas məqsədi sözügedən Xartiyada təsbit olunmuş prioritetlər üzrə kibertəhlükəsizlik, rəqəmsal inkişaf və süni intellekt sahələrində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərin qiymətləndirilməsindən ibarət olmuşdur.

Görüş çərçivəsində dövlət sistemlərində informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində ən yaxşı təcrübələr, təhlükəsizlik siyasətləri və ölçmə metrikaları, tərəfdaşların müvafiq istiqamət üzrə töhfə verə biləcəyi sahələr, kibergigiyena, kiberdiplomatiya və beynəlxalq müstəvidə kibersiyasət sahəsində təşəbbüslər, “Software Engineering Institute”, “MITRE” və “CRDF” şirkətləri ilə mümkün əməkdaşlıq istiqamətləri, yeni nəsil kibertəhdidlərlə mübarizədə təcrübə mübadiləsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə birgə layihələrin icrası kimi məsələlər müzakirə edilmişdir.

Müzakirələr zamanı həmçinin süni intellekt texnologiyalarının təhlükəsizlik sistemlərinə inteqrasiyası və süni intellekt həlləri üçün təhlükəsizlik tələbləri və xarici süni intellekt həllərinin istifadəsində məlumat sızmasına səbəb ola biləcək hallar, eləcə də süni intellektin istifadəsinə dair ayrıca kibergigiyena qaydalarının formalaşdırılmasının zəruriliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır, ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Azərbaycanın müvafiq qurumları ilə texniki əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını ifadə etmişlər.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT mərkəzi vasitəsilə dövlət orqanlarının informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində ABŞ-nin ixtisaslaşmış mərkəzləri ilə tərəfdaşlığın genişləndirilməsi kibertəhdidlərlə mübarizədə hər iki tərəfin  mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verə bilər.