Axtarış...
XRİTDX-nin nümayəndə heyəti GISEC-2026 qlobal kibertəhlükəsizlik konfransında iştirak edib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (Mərkəz) nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Kibertəhlükəsizlik Şurasının dəvəti əsasında Dubay Sərgi Mərkəzində keçirilən "GISEC 2026" qlobal kibertəhlükəsizlik konfransında iştirak edib.
Tədbir çərçivəsində XRİTDX-nin nümayəndəsi Murad Balayev "Suveren Qalxan: Operativ Kibermüdafiə və Kritik İnfrastrukturun Dayanıqlılığı" mövzusunda keçirilən panel sessiyasında spiker qismində çıxış edərək Azərbaycan Dövlət CERT-i aspektindən mərkəzləşdirilmiş görünürlüyün insidentlərin aşkarlanmasındakı həlledici rolundan və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb. Mərkəzin digər nümayəndələri isə Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşkilati dəstəyi ilə keçirilən "Quantum Drill" kibertəliminə qatılıblar.
Tədbir çərçivəsində OIC-CERT-in İdarə Heyətinin növbəti iclası da keçirilib. Qapalı formatda keçirilən görüşdə üzv ölkələrin (ölkəmiz də OIC-CERT-in İdarə Heyətinin üzvüdür) aparıcı nümayəndələri tərəfindən gündəlikdə duran məsələlər müzakirə edilərək cari il üzrə fəaliyyət planına uyğun görülmüş işlər barədə məruzələr dinlənilib.
Qeyd edək ki, GISEC-2026 tədbiri XRİTDX-nin nümayəndələri üçün beynəlxalq səviyyəli kibertəhlükəsizlik vendorlarının son texnoloji həlləri ilə tanış olmaq və əməkdaşlıq əlaqələrinin qurulması baxımından çox əhəmiyyətli olub. Konfrans eyni zamanda regionun və dünyanın aparıcı CERT-ləri ilə birbaşa ünsiyyət üçün əlverişli platforma olub.