Axtarış...
XRİTDX əməkdaşlarının peşə bayramı münasibətilə tədbirlər keçirilib
26 sentyabr – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günüdür.
Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin 24 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradıldığı gün, 26 sentyabr 2012-ci il tarixi XRİTDX əməkdaşlarının peşə bayramı günü kimi təsis olunub.
Peşə bayramı münasibətilə XRİTDX-nin rəhbərliyi və şəxsi heyətinin iştirakı ilə silsilə tədbirlər keçirilib.
Tədbirlər çərçivəsində Xidmətin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub.
Xidmətin şəxsi heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib və “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Eləcə də, Xidmətin inzibati binasında peşə bayramı münasibətilə Xidmət əməkdaşlarının iştirakı ilə tədbir təşkil olunub. Tədbiri giriş sözü ilə açan Xidmət rəisi İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxmasından və dövlət təhlükəsizliyinə daim xüsusi diqqət yetirməsindən bəhs edib. O, həmçinin Peşə Bayramının təsis olunmasının tarixi və əhəmiyyəti barədə məlumat verib.
Xidmət rəisi informasiya təhlükəsizliyi və xüsusi rabitə sahəsinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə qəbul edilən strateji qərarlar, təkmilləşdirilən normativ-hüquqi baza və maddi-texniki imkanların gücləndirilməsi bu sahənin yeni inkişaf mərhələsinə keçidinə şərait yaradıb. İlqar Musayev son illərdə dövlət informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsində Xidmətin rolunun daha da genişləndiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları şəxsi heyətin diqqətinə çatdırılıb.
Eləcə də Xidməti vəzifələrini layiqincə yerinə yetirən və peşəkarlığı ilə fərqlənən hərbi qulluqçular medallar və fəxri fərmanlarla təltif olunublar.
Şəxsi heyət göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edib.