Axtarış...

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin təşkili qaydası müəyyən ediləcək

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bu məsələ mayın 4-də Milli Məclisin İnsan hüquqları, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə xüsusi tələblər kritik informasiya infrastrukturunun subyekti tərəfindən kritik informasiya infrastrukturunun təyinatı və onun fəaliyyət xüsusiyyətlərinə müvafiq olaraq müəyyən ediləcək və kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdiriləcək. Səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə kritik informasiya infrastrukturu subyektlərinə yazılı və şifahi şəkildə izahlar verəcək, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki kömək göstərəcək.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə səlahiyyətli orqanın kritik informasiya infrastrukturunun subyektinə göndərdiyi sorğular təxirəsalınmadan cavablandırılmalıdır. Kritik informasiya infrastrukturunun subyekti ona məxsus kritik informasiya infrastrukturu obyektinə olan kiberhücumlara qarşı cavab tədbirlərinin görülməsi, habelə kibertəhdidlərin və kiberinsidentlərin qarşısının alınması ilə bağlı səlahiyyətli orqanın həyata keçirdiyi fəaliyyətə zəruri şərait yaratmalı və dəstək verməlidir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin pozulması Qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Eyni zamanda, kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin təşkili qaydası müəyyənləşir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətin ümumi təşkili və əlaqələndirilməsi səlahiyyətli orqan tərəfindən həyata keçiriləcək.