Axtarış...
XRİTDX əməkdaşları “CyberKumbez” beynəlxalq kibertəhlükəsizlik yarışında ilk üçlükdə yer alıblar
Qazaxıstan Respublikasında keçirilən “KazHackStan” beynəlxalq kibertəhlükəsizlik tədbiri çərçivəsində təşkil olunan “CyberKumbez” yarışında Azərbaycanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşlarından ibarət komanda təmsil edib.
Müxtəlif ölkələrdən kibertəhlükəsizlik üzrə mütəxəssislərin iştirak etdiyi yarış çərçivəsində komandaların praktiki texniki bilikləri, kibertəhlükələrə çevik reaksiya və real kiberhücum ssenariləri üzrə qərarvermə bacarıqları qiymətləndirilib.
Yarışın nəticələrinə əsasən, XRİTDX əməkdaşlarından ibarət komanda 34 komanda arasında ilk üçlükdə yer alıb.
XRİTDX əməkdaşlarının beynəlxalq kibertəhlükəsizlik yarışında əldə etdiyi nəticə Xidmətin bu sahədə formalaşdırdığı peşəkar kadr potensialının və praktiki imkanlarının beynəlxalq platformada təqdim olunması baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, “KazHackStan” Qazaxıstanda kibertəhlükəsizlik sahəsində mütəxəssisləri, tədqiqatçıları və ekspertləri bir araya gətirən beynəlxalq tədbirlərdən biridir.