Axtarış...

XRİTDX Atom Enerjisi üzrə Beynəlxalq konfransda iştirak edib

Avstriyanın Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) təşkilatçılığı ilə “Nüvə enerjisinin dayanıqlı inkişafı üçün nüvə yanacağı təchizat zənciri (NFSC26)" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşı Günay Əbdiyeva-Əliyeva “İnnovativ reaktor texnologiyaları üçün qabaqcıl nüvə yanacağının istehsalında süni intellekt əsaslı keyfiyyətə nəzarət və kiberdavamlı avtomatlaşdırma” mövzusunda elmi tədqiqat ilə çıxış edib.
Tədqiqatda qabaqcıl nüvə yanacağının istehsalı proseslərində süni intellekt texnologiyalarının tətbiqi, keyfiyyətə nəzarətin avtomatlaşdırılması, texnoloji proseslərdə anomaliyaların aşkarlanması və sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyinin gücləndirilməsi məsələləri əhatə olunub.
Qeyd edək ki, sözügedən konfrans nüvə yanacağı təchizat zəncirinin dayanıqlılığı, innovativ reaktor texnologiyaları və müasir texnoloji həllər üzrə beynəlxalq mütəxəssisləri, alimləri və sahə üzrə nümayəndələri bir araya gətirib.