Axtarış...

Bakıda “Dövlət qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısı”keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı, “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində “VIII Zirvə Toplantısı” keçirilib.

“The Ritz-Carlton Baku” hotelində keçirilən tədbir “Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: süni intellekt dövründə dəyərlər və təhlükəsizlik” mövzusuna həsr olunub.

Zirvə Toplantısında dövlət qurumlarının nümayəndələri, informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər və mütəxəssislər, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Azərbaycanda süni intellektin dövlət idarəçiliyində tətbiqinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, dövlət idarəçiliyində süni intellekt həllərinin tətbiqinin yeni imkanlar yaratmaqla yanaşı, informasiya təhlükəsizliyi sahəsində yeni risklər də formalaşdırdığını vurğulayıb. A. İsmayılov qeyd edib ki, bu texnologiyalardan istifadə zamanı məlumatların məxfiliyinin qorunması, potensial təhdidlərin vaxtında müəyyənləşdirilməsi və risklərin idarə olunması xüsusi əhəmiyyət daşıyır.

Daha sonra “Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə məsul əməkdaşı Maryam Hacıməmmədova çıxışında süni intellekt texnologiyalarının təhlükəsiz tətbiqinin əhəmiyyətini vurğulayıb, bu sahədə Avropa təcrübəsi və beynəlxalq əməkdaşlığın rolundan bəhs edib.”

Tədbirin açılış hissəsində, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov, Estoniyanın Elektron İdarəetmə Akademiyasının icraçı direktoru və İdarə Heyətinin sədri Hannes Astok və Tallin Texnologiya Universitetinin (TalTech) süni intellekt və fərdi məlumatların mühafizəsi üzrə müəllimi Andres Ojaver çıxış ediblər.

Eləcə də “Zirvə Toplantısı”çərçivəsində “Süni intellekt artıq hər yerdədir – Bəs informasiya təhlükəsizliyi üzrə rəhbər şəxslər indi nə etməlidir?” mövzusunda panel müzakirəsi keçirilib. Estoniyanın Elektron İdarəetmə Akademiyasının kibertəhlükəsizlik üzrə baş eksperti Klaid Mäginin moderatorluğu ilə keçirilən müzakirədə “Insight Advisory”şirkətinin təsisçisi və baş direktoru, kibertəhlükəsizlik və süni intellekt idarəetməsi üzrə ekspert Tural Məmmədov, Estoniyanın Elektron İdarəetmə Akademiyasının kibertəhlükəsizlik üzrə baş eksperti Epp Maaten-Püssa, Milli Kibertəhlükəsizlik Agentliyinin Milli CERT-in rəhbəri Ayxan Hüseynli və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin qırmızı komanda (“Red Team”) və süni intellekt təhlükəsizliyi qrupunun rəhbəri Elxan Sadıqlı iştirak ediblər.

Panel çərçivəsində süni intellekt risklərinin informasiya təhlükəsizliyinin idarə olunması proseslərinə inteqrasiyası, dövlət qurumlarında süni intellekt alətlərindən təhlükəsiz istifadə, məlumatların mühafizəsi və yeni təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi məsələləri müzakirə olunub.

“Dövlət qurumlarının İT rəhbərlərinin VIII Zirvə Toplantısı”informasiya təhlükəsizliyi sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılması, süni intellektin yaratdığı yeni imkan və risklərin qiymətləndirilməsi, eləcə də dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbir rəqəmsal transformasiya prosesində təhlükəsizlik prinsiplərinin prioritet saxlanılmasına, dövlət informasiya sistemlərinin dayanıqlılığının artırılmasına və etibarlı rəqəmsal idarəetmə mühitinin formalaşdırılmasına töhfə verir.