Axtarış...

Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir

Bu gün kiberhücumların əsasını fişinq (Phishing) hücumları təşkil edir. Belə ki, onların ümumi hücumlarda payı 91 %-dir. Bunu "Fintex Sammit" Maliyyə və Texnologiya konfranında məruzə ilə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

"Elektron poçtlar üzərindən həyata keçirilən və ofis proqramlarının daxilində yerləşdirilmiş viruslarla yoluxdurma halları artıb. Biz "Sandbox" sistemi vasitəsi ilə bunu aşkar edib qarşısını alırıq", - Dövlət Xidmətinin idarə rəisi deyib.

T.Məmmədovun sözlərinə görə, bir çox hallarda insanlar fişinq hücumları həyata keçirilən elektron poçtları digər normal elektron poçtlardan fərqləndirə bilmirlər: "Qlobal statistik göstəricilərə əsasən  hücuma məruz qalan şəxslərin təxminən 97%-i fişinq hücumunu adi "e-mail"lardan fərqləndirə bilmir. Sadəcə 3% hallarda insanlar bunu ayırd edərək müvafiq bölməyə yönəldirlər. Qlobal tendensiya onu deməyə əsas verir ki, 2022-ci ildə də fişinq hücumu ən aktual hücum növü olaraq "ilk" sıralardakı yerini qoruyacaq. Bunun qarşısını almaq üçün maarifləndirmə işləri gücləndirilməli və hər bir qurumun daxili informasiya təhlükəsizliyi təlimatı olmalıdır. İnformasiya Təhlükəsizliyi Koordinasiya Komissiyası belə təlimatların hazırlanması üçün nümunəvi təlimat versiyasını hazırlayaraq dövlət qurumlarına göndərmişdir. Bu tövsiyə əsasında artıq 82 dövlət qurumu özünün informasiya təhlükəsizliyi təlimatını hazırlayıb".

Tural Məmmədov həmçinin bildirib ki, hücumların 99%-i dövlət qurumlarının əməkdaşlarını hədəfə alıb. Bu isə daha çox elektron poçt vasitəsilə, linklər göndərməklə və s. şəkildə həyata keçirilir. Fərdi kibergigiyena qaydalarına riayət etməyən əməkdaşlar qurbana çevrilə bilir.

İdarə rəisi onu da qeyd edib ki, son dövrlər edilən fişinq hücumlarında ciddi azərbaycandilli kontent var: "Yəni, hiss edilir ki, məqsədyönlü olaraq bu hücumlar həyata keçirilir. Əvvəllər "Google Transa" vasitəsilə qeyri-professional tərcümələr olunmuş kontentlərlə rastlaşırdıqsa, hazırda isə bu qruplaşmalarda Azərbaycan dilli şəxslərin olduğu müşahidə edilir. Nəticə etibari ilə qənaətə gəlmək olar ki, bu kiberhücumlar hansısa qlobla kiberhücumların bir hissəsi yox, məhz Azərbaycanı hədəfə alan sifarişli kiberqruplaşmaların işidir. Bu da hücumların daha çox qonşu ölkələrdən, xüsusilə də Ermənistandan olduğunu deməyə əsas verir".