Axtarış...

Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilib

Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) birgə təşkilatçılığı ilə Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans (“ICCD 2026”) keçirilib. Konfrans Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, yerli və beynəlxalq sponsorların tərəfdaşlığı ilə təşkil edilib.
“Süni intellekt dövründə güc və təsir: dəyişən kiberməkan mənzərəsinə regional baxış” mövzusuna həsr olunan Konfrans Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin açılış nitqi ilə başlayıb. Tədbirdə dövlət rəsmiləri, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, aparıcı ekspertlər və ali təhsil müəssəsilərinin təmsilçiləri iştirak ediblər.
Konfrans çərçivəsində altı panel müzakirəsi keçirilib. Müzakirələr süni intellekt dövründə xarici siyasət və diplomatiyanın yeni qaydaları, texnologiya şirkətlərinin geosiyasi aktor kimi rolu, informasiya müharibəsi və “deepfake” texnologiyalarının yaratdığı təhdidlər, kiberməkanda etimad və dövlətlərin məsuliyyətli davranışı, eləcə də kritik infrastrukturun mühafizəsi mövzularını əhatə edib.
Konfransın keçirilməsində əsas məqsəd kiberdiplomatiya sahəsində beynəlxalq dialoqun genişləndirilməsi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, eləcə də sürətlə dəyişən texnoloji və geosiyasi mühitdə kiberməkanın təhlükəsizliyinə dair ortaq yanaşmaların formalaşdırılması olub.
Qeyd edək ki, Kiberdiplomatiya üzrə I Beynəlxalq Konfrans 2024-cü ildə XRİTDX-nin təşkilatçılığı ilə Azərbaycanda keçirilib.