Axtarış...

Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzində təlim keçirilib

Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzində “Qara dəniz regionunda kritik infrastrukturun mühafizəsi və kiberdavamlılığın gücləndirilməsi” mövzusuna həsr olunmuş regional praktiki təlim keçirilib.

Təlim Kiberdiplomatiya üzrə Tvnninq Mərkəzinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (e-Governance Academy – eGA) birgə təşkilatçılığı, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində kiberdavamlılığın gücləndirilməsi 2.0” layihəsi çərçivəsində təşkil olunub.

Təlimdə Azərbaycan, Moldova, Ukrayna, Rumıniya və Avropa İttifaqı ölkələrini təmsil edən mütəxəssislər iştirak ediblər. Tədbirin əsas məqsədi kritik infrastrukturun kibertəhdidlərdən qorunması, kiberrisklərin qiymətləndirilməsi və idarə olunması, eləcə də transsərhəd kiberinsidentlər zamanı milli qurumlar və beynəlxalq tərəfdaşlar arasında koordinasiyanın gücləndirilməsi olub.

Təlim kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təcrübə mübadiləsinin təşviqi və kritik infrastrukturun mühafizəsi üzrə praktiki bacarıqların inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.

Qeyd edək ki, Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi 30 sentyabr 2024-cü il tarixində Bakıda keçirilmiş ilk Beynəlxalq Kiberdiplomatiya Konfransı çərçivəsində imzalanmış Anlaşma Memorandumu əsasında yaradılıb. Mərkəzin təsis edilməsində XRİTDX, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (ICI Bucharest) iştirak edib. Mərkəzin əsas məqsədi kiberdiplomatiya sahəsində tədqiqat və təhsili təşviq etmək, mütəxəssislərin bilik və bacarıqlarını artırmaq, eləcə də kiberdiplomatların hazırlanmasına töhfə verməkdir.