Axtarış...

CERT.gov.az təkrar 2 illik müddətinə OIC-CERT-in Direktorlar Şurasına seçildi

2018-ci il 27 noyabr tarixində İslam Əməkdaşlıq Təşkilatı - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) İran İslam Respublikasının Şiraz şəhərində keçirilən 9-cu Qurultayında Direktorlar Şurasına keçirilən seçkilər zamanı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT.GOV.AZ) təkrar 2 illik müddətinə Direktorlar Şurasının üzvü seçilmişdir. 2013-cü ildən OIC-CERT təşkilatının tamhüquqlu üzvü olan CERT.GOV.AZ, ilk dəfə 2016-cı il Səudiyyə Ərəbistan Krallığının Ciddə şəhərində keçirilən OİC-CERT-in  8-ci Qurultayında Direktorlar Şurasına üzv seçilmişdir.

Qurultayda CERT.GOV.AZ-ın bu illər ərzində Direktorlar Şurasının üzvü kimi aktiv və məhsuldar fəaliyyəti, o cümlədən 2017-ci ildə OİC ölkələri CERT-lərinin beynəlxalq konfransına yüksək səviyyədə ev sahibliyi etməsi onun həm əməkdaşlıq baxımından, həm də Azərbaycanı sahə üzrə aktiv təmsil etməsi baxımından yüksək qiymətləndirilmişdir.

Qurultayda üzv ölkələrdən alınan təkliflər dəyərləndirildikdən sonra OİC-CERT-in növbəti 2019-cu il Beynəlxalq Konfransı üçün ev sahibi kimi İndoneziya seçilmişdir. OIC Direktorlar Şurası: https://www.oic-cert.org/en/theboard.html