Axtarış...

Beynəlxalq Kiber Yay Məktəbinin açılış tədbiri keçirilib

İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” İstirahət mərkəzində növbəti Beynəlxalq Kiber Yay Məktəbinin açılış mərasimi olub.

Ənənəvi olaraq hər il keçirilən tədbirdə DTX-nin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin rəhbər əməkdaşları, respublikanın aparıcı ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və digər aidiyyəti təşkilatların nümayəndələri, həmçinin layihə iştirakçısı olan yeniyetmə və gənclər iştirak ediblər.

İyulun 21-dək davam edəcək təlimləri yerli və xarici mütəxəssislər tərəfindən aparılacaq yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.

Öncə tədbir iştirakçıları “Bilgəh” İstirahət mərkəzinin ərazisində nümayiş olunan texnologiya sərgisinə tamaşa ediblər. Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan olunduqdan sonra ötən il keçirilən “Kiber düşərgə-2021” yay məktəbinin ən maraqlı məqamlarını özündə əks etdirən videoçarx göstərilib.

Daha sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, DTX-nin və Təhsil Nazirliyinin rəhbər əməkdaşları, o cümlədən müvafiq xarici təsisatların nümayəndələri çıxışlar edərək həmin tədbirin iştirakçılar üçün əhəmiyyətindən, yay məktəbinin yeniyetmələrin kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, proqramlaşdırma, süni intellekt və s. sahələrdə dünyagörüşlərini artırmalarına geniş imkanlar açmasından, kibercinayətkarlığa qarşı mübarizə üçün gənclərin zəruri savad və vərdişlərə yiyələnmələrinin vacibliyindən bəhs ediblər. Builki tədbirə xarici ölkələrdən də yeniyetmələrin qatılması xüsusi vurğulanıb, yay məktəbinin gənclərin intellektual səviyyələrinin yüksəldilməsinə, innovativ düşüncələrinin təkmilləşdirilməsinə və onlar arasında bilik mübadiləsinin aparılmasına önəmli töhfələr verəcəyinə əminlik ifadə olunub.

Açılış mərasiminin sonunda tədbir iştirakçılarına mədəni proqram təqdim edilib.