Axtarış...

İlqar Musayev: Son illərdə Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində ciddi addımlar atılıb

Son illər ölkəmizdə kibertəhlükəsizlik sahəsində işlərin gücləndirilməsi üçün fəaliyyətlər həyata keçirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində bu sahə inkişaf edir. Kibertəhlükəsizlik mövzusunda keçirilən sammitin böyük əhəmiyyəti var. Son illərdə Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində ciddi addımlar atılıb.

Bu fikirləri “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev söyləyib.

O qeyd edib ki, bu sahə üzrə universitetlərdə tələbələrin ilk buraxılışı olub. Vətən müharibəsində və sonrakı dövrdə erməni təxribatları da göstərir ki, kibertəhlükəsizlik sahəsini gücləndirmək zəruridir.

Yaxın zamanlarda iki vacib normativ hüquqi aktın qəbulunun gözlənildiyini bildirən İlqar Musayev deyib: “Birincisi, Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlıdır. Provayderlərdən lisenziya, əlavə ödəniş tələbi yığışdırılır və bu sahədə fəaliyyət sadələşdiriləcək. Xüsusi təhlükəsizlik tələbi müəyyənləşdiriləcək. İkincisi, Azərbaycan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının təsdiqlənməsi gözlənilir. Burada kadrların hazırlanması və yaxın illərdə hansı işlərin görüləcəyi öz əksini tapacaq”.