Axtarış...

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Zəfər Günü münasibətilə tədbir təşkil edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir təşkil edib.

Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Xidmət rəisi İlqar Musayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin tarixi əhəmiyyəti, qalib Azərbaycan xalqının Qələbədə rolu, əsgər və zabitlərimizin igidlik və qəhrəmanlıq nümunələri haqqında məlumat verərək, şəhidlərimizin xatirələrinin yaddaşlarda əbədi yaşayacağını bildirib. Qeyd olunub ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsinin dünya hərb tarixində unikal hərbi əməliyyatlardan olduğu vurğulanıb.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunduğu bildirilib.

İlqar Musayev tədbirdə həmin dövr ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının döyüş bölgəsində yerləşən hərbi hissələrinin, eləcə də digər aidiyyəti qurumların və qərargahların etibarlı xüsusi rabitə, internet, data xidmətləri ilə təmin edilməsi, xaker hücumlarından qorunması üçün fasiləsiz iş rejiminə keçirildiyini, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün tədbirlərin görüldüyünü qeyd edib.

Tədbirdə Xidmətin əməkdaşları olan Vətən müharibəsinin iştirakçıları xatirələrini bölüşüblər.