Axtarış...

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının iclası

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 29 noyabrın tarixində İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Komissiyanın sədri İlqar Musayev dünyada və regionda ümumi gərginliklər, müharibələr fonunda informasiya təhlükəsizliyinin rolunu və əhəmiyyətini xüsusi vurğulayaraq dövlət qurumlarına olan kiberhücumların aidiyyəti qurumlarla birgə daima nəzarətdə saxlanıldığını, onların analiz edildiyini və qarşısının alınması üçün tədbirlər görüldüyünü qeyd etdi.

Daha sonra Koordinasiya Komissiyasında informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan bir sıra təkliflər:

  • milli kriptoqrafik alqoritmin yaradılması, habelə bu sahədə milli kadrların hazırlanması mexanizmləri;
  • ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması və onlardan hərbi xidmət müddətində sahə üzrə effektiv istifadə imkanları və mexanizmlərinin araşdırılması, eləcə də informasiya texnologiyaları sahəsində yeniyetmələr üçün təlim-tədris mərkəzlərin inkişaf etdirilməsi, riyazi-kripto analitika və proqram mühəndisliyi ixtisasları üzrə təhsil proqramlarının yenidən işlənilməsi;
  • yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktiv edilməsi;
  • bir sıra şirkətlərin telekommunikasiya həllərinin istismarının informasiya təhlükəsizliyinə təhdid kimi müxtəlif ölkələrdə məhdudiyyətlərin gətirilməsi faktlarını nəzərə alaraq Azərbaycanın kritik informasiya infrastrukturlarında belə şirkət həllərinin mövcud vəziyyəti və yaratdığı mümkün təhdidlərin qiymətləndirilməsi;
  • dövlət qurumlarında informasiya təhlükəsizliyi biliklərinin artırılması üçün həyata keçirilən “Kibergigiyena” layihəsinin tətbiq sahəsinin genişləndirilməsi;
  • Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin “Kibercinayətkarlıq haqqında” beynəlxalq tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi;
  • bir sıra elektron informasiya ehtiyatında “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması halları;
  • BMT hesabatında Azərbaycanın mövqeyinin zəifləmə səbəbləri və müvafiq göstəricilərin inkişaf etdirilməsi;
  • uşaqların zərərli informasiyadan qorunması məqsədi ilə provayderlərdə “təhlükəsiz internet” paketlərinin formalaşdırılmasının vacibliyi və təşviqi;
  • informasiya texnologiyalarının tətbiqi ilə bağlı texniki şərtlərin hazırlanması, layihələrin, işlərin icrası, təhvil-təslimi üçün qəbul aktlarının nümunəvi formalarının hazırlanması, o cümlədən bir sıra xüsusi əhəmiyyətli informasiya təhlükəsizliyi məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edildi.

Yuxarıda qeyd olunan məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəy və təkliflərlə çıxış etdilər.

Sonda Komissiyanın sədri bütün iclas iştirakçılarına müzakirələrdə aktiv iştirakına görə təşəkkür edib və müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq istiqamətlər üzrə işçi qrupların yaradılmasının vacibliyini bildirdi. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran həllini gözləyən məsələlərin çoxluğunu nəzərə alaraq belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğuladı.