Axtarış...

ADNSU-da “Enerji böhranı və kibertəhlükəsizlik” mövzusunda tədbir keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin eksperti Murad Balayev dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin tərəfdaşı olduğu “HORIZON 2020” çərçivəsində "ELECTRON" layihəsinin və digər bu kimi layihələrin Azərbaycanda təşviqatı ilə bağlı “Enerji böhranı və kibertəhlükəsizlik” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Konfransda panel müzakirədə M.Balayev ölkəmizdəki rəqəmsal təhdidlərin xüsusiyyətləri barədə çıxış edərək, onların cari il ərzindəki monitorinqi və qarşısının alınmasına dair statistik məlumatları bölüşmüş, kiber hücumların qarşısının alınmasında Avropa və Azərbaycan strategiyalarından bəhs etmişdir.

Tədbirdə Avropa Komissiyasının təhsil və tədqiqat, enerji və kibertəhlükəsizlik istiqamətində nümayəndələri, bu istiqamətdə Avropanın nüfuzlu təşkilatları, o cümlədən HORİZON proqramının kibertəhlükəsizlik və təhlükəsiz enerji təsnifatına aid olan layihələrinin rəhbərləri, enerji provayderləri, kibertəhlükəsizlik təşkilatlarının nümayəndələri onlayn və oflayn şəkildə iştirak ediblər.

Bundan başqa tədbir çərçivəsində enerji provayderlərinin dəstəyi ilə “Secure Energy” hackathonuna start verilmişdir.

Qeyd edək ki, sözügedən Hackathon Azərbaycan və Avropada enerji provayderlərinin kibertəhlükəsizliyi, smart texnologiyaların tətbiqi ilə enerji şəbəkələrinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində problemlərin həllinə yönələcək. İştirakçı komandalara həllərinin hazırlanmasında Avropa və Azərbaycandan olan mentorlar dəstək göstərəcəklər.